İdman

Ünvan:
AZ1073, Bakı ş., Mətbuat prospekti, 529-cu məhəllə

Telefon:
(+994 12) 434 57 32
(+994 12) 510 53 10

Sayt:
www.azsport.az

E-poçt:
idman-sport@mail.ru

Baş redaktor:
Qabil Mehdiyev

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı olan «İdman» qəzeti Azərbaycanda ən böyük tarixi olan idman nəşridir. 88 illik tarixə malik olan qəzet həm də Azərbaycan mətbuatının ən qocamanlarından sayılır.

1932-ci ildə ilk dəfə “Azərbaycan bədən tərbiyəçisi” adı altında işıq üzü görmüş qəzet ötən müddət ərzində Azərbaycan idmançılarının uğurlu çıxışlarını oxuculara çatdırmaqla bərabər, bədən tərbiyəsi və idman sahəsindəki problemlərin diqqət mərkəzinə gətirilməsində də böyük rol oynamışdır.

Fəaliyyətinin ilk illərində həm Azərbaycan, həm də rus dillərində olmaqla 4 səhifədə nəşr olunmuş qəzet, təkcə respublikamızda deyil, həm də keçmiş SSRİ-nin digər regionlarında maraqla oxunmuşdur.

İkinci dünya müharibəsi zamanı, 1941-ci ildə "İdman" qəzeti fəaliyyətini dayandırmış və qəzet əməkdaşları qələmi odlu silaha dəyişərək cəbhəyə yollanmışlar. Müharibə dövründə və ondan sonrakı illərdə qəzet redaksiyası dəfələrlə yerdəyişməyə məruz qaldığından "İdman" qəzetinin nümunə cildləri, eləcə də bir çox tarixi sənədləri itib–batmış və ya məhv olmuşdur.

İkinci dünya müharibəsi başa çatdıqdan sonra "İdman" qəzeti öz fəaliyyətini yalnız 1950-ci ildə bərpa edə bilmişdir. 1968-ci il yanvarın 1-dən qəzetin adı dəyişdirilərək, "İdman" qoyulmuşdur.

"İdman" qəzetinin keçdiyi yol Azərbaycan idman jurnalistikasının tarixidir. Vaxtilə "İdman" qəzetilə dünya şöhrətli İnna Rıskal, Vera Lantratova, Anatoli Banişevski, Tofiq Bəhramov, Ələkbər Məmmədov, İbrahimpaşa Dadaşov və başqa tanınmış idmançılar əməkdaşlıq etmiş və redaksiya ilə daimi əlaqə saxlamışlar. "İdman"da sənət fəaliyyətinə başlamış jurnalistlərdən bir çoxu sonralar "Sovetski Sport", "Futbol-hokkey" və s. kimi qəzetlərdə məsul vəzifələrdə işləmişlər.

Müxtəlif vaxtlarda qəzetə Əməkdar jurnalistlər, mərhum Mirpaşa Miriyev və Aqşin Kazımzadə, mərhum jurnalistlər Oqtay Atayev, Arif Şəfizadə, eləcə də Əməkdar jurnalist Oqtay Bayramov, Vaqif Əfəndiyev, Toğrul Bağırov rəhbərlik ediblər.