Aqşin Zəki oğlu Kazımzadə

Azərbaycanın əməkdar jurnalisti Aqşin Kazımzadə 17 dekabr 1937-ci ildə texnika elmləri doktoru, professor Zəki Kazımzadənin ailəsində anadan olub. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunda (indiki Dövlət Neft Akademiyası) təhsil alarkən jurnalistikaya ilk qədəmlərini “Molodyoj Azerbaydjana” (Azərbaycan gəncliyi) qəzetində qoyub. “Sovetski sport”un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib. 

O həmçinin “Fizkulturnik Azerbaydjana” (indi ”İdman”) və “Panorama” qəzetlərinə rəhbərlik edib, “Bakinski raboçi”, “Gü­nay”, “Bizim əsr”, “Zerkalo”, “Vışka”, “Kaspi“ və digər rusdilli nəşrlərdə çalışıb. “Sovetski sport” qəzetinin müxbiri olub. Xü­susi müxbir kimi futbol üzrə bir neçə dünya və Avropa çempionatında - İngiltərədə (1966-cı il), Meksikada (1970-ci il), Argentinada (1978-ci il), İspaniyada (1982-ci il), Fransada (1984-cü il) və 5 olimpiya oyunlarında da olub.

90-cı illərin əvvəllərində “İdman” qəzetinin baş redaktoru vəzifəsindən gedən Aqşin Kazımzadə yeni yaradılan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında Beynəlxalq əlaqələr departamentinə başçılıq etdi. Bir müddətdən sonra Kazımzadə həftəlik “AFFA NEWS”a rəhbərlik etdi. Sonra isə “Panorama” qəzetində idman şö­bəsinin mü­diri vəzifəsini tutdu və qısa müddətdən sonra bu qəzetin baş redaktoru oldu.

Sonralar jurnalist fəaliyyətini “Trend” informasiya agentliyində, “Səhər”, “Gü­nay”, “Bizim əsr”, “Zerkalo”, “Vışka”, “Bakinski raboçi” qəzetlərində davam edirib. Bir müddət “Azərenerji” ASC-nin mətbuat xidmətinə rəhbərlik edib. Ömrü­nün son illərində yazıları “Kaspi” və “İdman” qəzetlərində dərc olunurdu.

Azərbaycanın Əməkdar jurnalisti, milli “Qızıl qələm”, “İnam”, Həsən bəy Zərdabi adına mü­kafatların laureatı, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvü olub, “Tərəqqi” medalı və çoxlu fəxri diplomlara layiq görülüb. Aqşin Kazımzadə SSRİ vaxtından Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvü olub. 02 iyul 2005-ci ildən isə Azərbaycan İdman Jurnalistləri Assosiasıyasının (AİJA) üzvü idi.

2011-ci il 10 iyun tarixində 74 yaşında dünyasını dəyişib.