Haqqımızda

Atletlər idman tarixini yaradanlar, jurnalistlər, br az geniş anlamda desək, fotoreportyorlar, kinooperatorlar, rejissorlar, ümumiyyətlə, yaradıcı media əməkdaşları isə idman olaylarını operativ şəkildə milyonlara çatdıranlar, eyni zamanda bu tarixə möhür vuranlar, onu yaşadanlardır desək, əlbəttə, səhv etmərik.

İdman haradadırsa, media da onun yanındadır. İdmanın təşkilatlanmasında, qayda-qanunlarının formalaşmasında da yazarların əməyi danılmazdır. Qədim idman ənənələrini, Olimpiya Oyunlarını, şərq döyüş sənətlərini, xalqların özünəməxsus oyun və mübarizə ənənələrini bugünümüzə çatdıranlar zaman-zaman yaşayıb-yaratmış, hadisələri qələmə almış salnaməçilər, dastançılar, yazıçılar deyilmi?

Media bugünümüzün də idman tarixini qeydə alır, gələcək nəsillərə çatdırır.

Təməli 1995-ci ildə tanınmış jurnalist Eldar İsmayılov tərəfindən qoyulan, ölkəmizin idman mediası yaradıcı əməkdaşlarının  milli birliyi missiyasını ləyaqətlə həyata keçirən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası - AİJA  öz çoxsaylı tərəfdaşlarının diqqətinin məhz bu məsələyə yönəldilməsində misilsiz rol oynayır.

AİJA idmanımızın və idman mediamızın beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropaya və dünyaya inteqrasiya, müasir idmanın problemlərinin və ən aktual məsələlərinin ölkənin idman ictimaiyyətinə, idmansevərlərə və peşəkarlara çatdırılması, media əməkdaşlarının peşə ustalıqlarının artırılması istiqamətində məqsədyönlü fəaliyyətini yüksələn xətlə inkişaf etdirir.

Bu gün idmanın və idman mediasının ən nüfuzlu dairələrində AİJA üzvləri və tərəfdaşları bu missiyanı şərəflə yerinə yetirməkdədir.

Ölkə idmanımız, olimpiya hərəkatımız kimi, idman mediamızın da beynəlxalq əlaqələri getdikcə genişlənir. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası  ölkə daxilindəki uğurlu fəaliyyəti ilə yanaşı beynəlxalq əlaqələrini də möhkəm təməllər üzərində qura bilib. Yaranışından bir il sonra, 1996-cı ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasına - AİPS-ə müraciət edərək dünya idman və media aləmində yüksək nüfuza  malik bu təşkilata  müvəqqəti üzv statusu alıb. 1997-ci ilin mayında isə AİJA dünya idman mediası yaradıcı birliyinin, yəni AİPS-in tam hüquqlu üzvü seçilib, Nizamnaməyə uyğun olaraq AİPS ətrafında birləşən milli assosiasiyalar  eyni zamanda təşkilatın qitə bölmələrinə daxil olmalıdırlar. Azərbaycana Asiya seksiyasında yer ayırmışdılar. Təşkilatın rəhbəri Eldar İsmayılov hələ o vaxt, 13 il əvvəl  İspaniyada  gərgin danışıqlar apararaq AİPS rəhbərliyini ölkəmizin əsasən Avropa dəyərlərinə  sadiqliyini və bu istiqamətdə  inkişaf perspektivlərini sübut edə bildi. Beləliklə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası qurumun aparıcı qitə təşkilatında - Avropa İdman Mətbuatı İttifaqında (UEPS), hazırda AIPS EUROPE adlanan qurumda özünə layiq yer tuta bildi. Təsəvvür edin ki, o  vaxt ölkəmizin Avropa Birliyinə daxil olması hələ yalnız arzu idi.

 Sonra  Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyi ilə AİJA nümayəndə heyəti hər il keçirilən ümumdünya və qitə məclislərində -- Macarıstanda, Kanadada, Yunanıstanda, Portuqaliyada, Mərakeş Krallığında , İsveçrədə, Çir Xalq Respublikasında, Qatarda, Avstriyada və digər ölkələrdə keçirilən  AİPS  və UEPS konqreslərində ölkəmizin idman mediasını ləyaqətlə təmsil etdi, Bakının möhtəşəm saraylarında yaddaqalan maraqlı tədbirlərə imza atdı, bir sıra möhtəşəm layihələrin həyata keçirilməsinə nail oldu, üzvlərinin və təəssübkeşlərinin  boy sırasını bir neçə nəfərdən 500-ə yüksəltdi, Avropa və dünya ölkələrinin tanınmış idman yazarları, həmçinin Beynəlxalq Olimpiya Komitəsi (IOC), Avropa Olimpiya Komitəsi (UOC), Beynəlxalq İdman Federasiyaları Baş Assambleyası (GAİSF), Dünya Antidopinq Komitəsi (WADA), bir sıra Beynəlxalq İdman Federasiyaları, Beynəlxalq Universitet İdmanı Federasiyası (FISU) və digər nüfuzlu təşkilatlarla sıx və qırılmaz əlaqələr qura bildi.

Bütün bu məqsədyönlü işlərin nəticəsidir ki, həm AİJA, həm də onun rəhbəri, ömrünün 54 ilini peşəkar jurnalistikamıza həsr etmiş Eldar İsmayılov beynəlxalq media və idman aləmində ölkəmizə baş ucalığı gətirəcək bir səviyyəyə yüksələ bilmişdir.

Təsadüfi deyil ki, 2010-cu il aprelin 28-də Türkiyənin turizm cənnəti Antalyada, beşulduzlu «Riksos Premium Hotel»də 50 ölkənin mili idman jurnalistləri  qurumunu öz ətrafında birləşdirən Avropa İdman Mətbuatı İttifaqının – (AIPS EUROPE/UEPS) 32-ci Baş Assambleyasında  gizli səsvermə yolu ilə keçirilən seçgilərdə həmin təşkilatın İcraiyyə Komitəsində yaxın dörd il üçün 12 yerə Yunanıstan, Rusiya, Malta, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, Serbiya, İrlandiya və Sloveniya nümayəndələri ilə yanaşı ilk dəfə olaraq Azərbaycan təmsilçisi Eldar İsmayılov da yer tuta bildi. Belçika, Polşa, Xorvatiya və bir sıra ölkələrdən olan namizədlər isə lazımi miqdarda səs toplaya bilmədilər.  Bu sevindirici hadisə, 145 illik Azərbaycan jurnalistikamızın tarixində beynəlxalq media təşkilatı rəhbərliyinə seçimlərdə ilk qələbəmiz kimi yaddaşlarda yaşayacaq.

Eldar müəllim növbəti ceçgilərdə də bu qələbəsini yeniləyə bildi.

İndi Avropanın və dünyanın aparıcı idman jurnalistlərinin Azərbaycana, sözün əsl mənasında, böyük maraq göstərmələri təbiidir. AİJA daim inkişafda olan idmanımızın beynəlxalq aləmdə qədərincə tanınmasına çalışır. Bu sahədə beynəlxalq və qitə idman jurnalistləri təşkilatları rəhbərlərinin ölkəmizə səfərləri müstəsna rol oynayır və biz dövlətimizin, mili olimpiya komitəmizin dəstəyi ilə buna nail olmağa çalışırıq.

AIPS EUROPE/UEPS-in yeni tərkibli İcraiyyə Komitəsinin ilk yığıncağı elə həmin gün, aprelin 28-də Antaliyada keçirildi. Burada təşkilatın yaxın dövr üçün fəaliyyət proqramı müzakirə olundu. Bu proqram çərçivəsində Avropa və Asiya idman mediası ittifaqlarının qarşılıqlı sazişinə əsasən 2010-cu  il iyulun 18-dən 22-dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən seminara Avropadan da nümayəndələr dəvət olundular. Tədbirdə İsveçrə və Türkiyə təmsilçiləri ilə yanaşı  AİJA təmsilçiləri – «Sportsman» jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu və jurnalın yazarı, «Məhsul» İdman Cəmiyyəti sədrinin müavini Cavid Allahverdiyev iştirak etdilər.

Bundan iki ay sonra, sentyabrın 27-dən oktyabrın 3-dək Yunanıstanın Rodos adasında UEPS-in təşkilatçılığı ilə Avropa idman yazarlarının «Yeni media və idman jurnalistikası» mövzusunda beynəlxalq forumu təşkil olundu. Bu forumda Azərbaycan İdman Jurnalistləri Assosiasiyası adından ölkəmizin idman mediasını AİJA prezidenti, AIPS EUROPE/UEPS İcraiyyə Komitəsinin üzvü Eldar İsmayılov və «İdman» qəzetinin baş redaktoru Qabil Mehdiyev təmsil etdilər.

27 - 29 oktyabrda isə İrlandiyanın paytaxtı Dublin şəhərində AIPS EUROPE/UEPS İcraiyyə Komitəsinin toplantısı təşkil olundu. Tədbirdə  Eldar İsmiayılovla birlikdə beynəlxalq təcrübə toplamaq və mərasimi işıqlandırmaq məqsədi ilə AİJA-nın fəal üzvü, «Sportsman»ın rəhbəri Rəşad Qəmərşahoğlu da qatıldı.

Milli təşkilatımızın Avropa İdman Mediası İttifaqı rəhbərliyində təmsil olunması ilə əlaqədar 2011-ci ilin beynəlxalq əlaqələr qrafikinin daha çevik və dinamik olacağı gözlənilirdi. Belə də oldu. 2011-ci ildə  AİJA nümayəndələri müxtəlif ölkələrdə baş tutan 9 beynəlxalq tədbirdə uğurla iştirak ediblər.

Yanvarın 26-dan 28-dək dünyanın idman paytaxtı Lozannada (İsveçrə), AİPS qərargahında    UEPS-ə daxil olan mili idman jurnalistləri assosiasiyaları prezidentlərinin ənənəvi  zirvə toplantısı təşkil olundu. Bunun ardınca AİJA 26 yanvar - 6 fevral arası Türkiyənin Ərzrum şəhərində  gerçəkləşən tələbə idmançıların qış universiadasına qatıldılar.

Fevralın 7-də dünyanın idman həyatının ən əlamətdar günlərindən biri  kimi tarixə düşdü. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə «Laureus» Dünya İdman Mükafatları 2010-cu ilin idman favoritlərinə təqdim olundu. Mükafatların təşkilatçısı, Giacomo Aqostini, Franz Beckenbauer, Boris Becluk,  Bobbi Çarlton, Daun Frazer, Mika Hakkenen, Kip Keyno, Alberto Tomba, Nadiya Komaneçi, Sergey Bubka  kimi idman əfsanələrini bir araya gətirən Laureus Dünya İdman Akademiyasının (London) sədri, ikiqat Olimpiya, dördqat Dünya Çempionu Edvin Moses Laureus Seçgi Heyətinin həmtəsisçi üzvü Eldar İsmayılova 1999-cu ildən etibarən 12-ci məktubunu ünvanladı. Əfsanəvi Edvin Moses həmyerlimizi dünyanın aparıcı qələm sahiblərindən biri adlandıraraq onu 150 ölkənin idman jurnalistləri elitasını birləşdirən Laureus Seçgi Heyəti tərkibində üzvlüyünü davam etdirməyi təklif etdi. Bu təntənədə AİJA nümayəndə heyəti də iştirak etdi.

21 - 26 mart Cənubi Koreyanın paytaxtı Seul AİPS-in 74-cü Ümumdünya Konqresinə evsahibliyi etdi. Konqres öncəsi UEPS-in də toplantısı oldu.

Sonrakı aylarda da AİJA bir sıra beynəlxalq tədbirə dəvətlər aldı. Bizim üçün ən maraqlısı isə sentyabrın 3-cü ongünlüyündə Dünya Boks Çempionatına qucaq açacaq Bakımızda Avropa İdman Mediası İttifaqı İcraiyyə Komitəsi yığıncağının təşkili oldu.

Dublində Avropa idman yazaprları elitası öncüllərinin Bakıda toplanmasına qərar verilmişdi. Ölkə başçımız cənab İlham Əliyevin bilavasitə diqqəti və tapşırığı ilə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi tədbirin təşkilinə cəlb olundular. Nəticədə, yenicə istifadəyə verilmiş “Hilton” Hotelində AİJA bu tədbirin yüksək səviyyədə keçirilməsinə nail ola bildi.

Həmin vaxt dövlət başçımız xaricdə işgüzar səfərdə idi. Lakin Bakıdakı tədbirimizi diqqətdə saxlamışdı. AİPS prezidenti Canni Merlonun da qatıldığı Avropa İdman Mətbuatı İttifaqı İcraiyyə Komitəsinin üzvləri ölkəmizin Milli Məclisində yüksək səviyyədə qəbul olundular. Milli Məclisin sədri cənab Oqtay Əsədovla olduqca səmərəli və yaddaqalan görüş oldu. Söhbət zamanı yaxın illərdə MDB məkanında ilk dəfə AİPS konqreslərindən birinin Bakıda keçirilməsi təşəbbüsü irəli sürüldü.

Daha sonra cənab prezident bu işə öz xeyir-duasını verdi.  2012-ci ilin 12 – 16 fevralında AİJA prezidenti Eldar İsmayılov, birinci vitse Nərgiz Mahmudzadə,  MOK-un vitse prezidenti Çingiz Hüseynzadə, digər fəallarımızdan ibarət geniş tərkibli nümayəndə heyətimiz Avstriyanın  İnsbrusk şəhərində keçirilən AİPS-in 75-ci konqresinə qatıldı.

Konqresin açılış mərasimində  üç dövlətin başçıları - Avstriya prezidenti  Hayns Fişer, federal kansler Verner Fayman, İordaniya kralı Abdalla II ibn Hüseyn, Monako knyazı Albert II iştirak etdilər. Konqresdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse prezidenti, AİJA-nın üzvü dr. Çingiz Hüseynzadə və AİJA-nın birinci vitse prezidenti Nərgiz Mahmudzadə çıxış edərək ölkəmizin 2014-cü ildə AİPS-in 79-cu konqresinin Bakıda keçirilməsi təklifi ilə çıxış etdilər. AİPS tarixində ilk dəfə rəsmi dövlət zəmanət məktubu olmadan konqres iştirakçılarının alqışları ilə qarşılandı.

2013-cü ilin  15 – 19 aprelində AİJA-nın geniş tərkibli  nümayəndə heyəti Soçi şəhərində təşkil olunan 78-ci konqresində növbəti ildə Bakıda keçiriləcək konqreslə bağlı AİPS və AİJA arasında müqavilə imzalandı, tədbirin son günü Rusuya Federasiyası baş nazirinin müavini Vitali Kozak, Ümumrusiya İdman Jurnalistləri Federasiyasını prezidenti Nikolay Dolqopolov ənənəvi olaraq AİPS-in bayrağını təntənəli şəkildə növbəti ildə konqresə evsahibliyi edəcək ölkənin nümayəndələrinə  - Azərbaycan Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadəyə və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılova təqdim etdilər

2014-cü il aprelin 26-da Bakıda, “Marriot Abşeron” Hoteldə AIPS EUPOPE/UEPS-in Baş Assambleyası keçirildi.  Burada növbəti dörd il üçün təşkilatın icraiyyə komitəsinə seşgilər keçirildi. AİJA prezidenti Eldar İsmayılov 4 il əvvəl Antalyadakı  qələbəsini yenilədi.

Həmin axşam konqres iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin parlaq nitqi qonaqların hafizəsində silinməz izlər buraxdı.

27 aprel – 1 may 2014-cü il tarixdə Bakıda AİPS-in 90 illiyinə təsadüf edən konqres müvəffəqiyyətlə keçdi.

Sonrakı illərdə də AİJA-nın beynəlxalq fəaliyyəti uğurla davam etdi və bu gün də davam etməkdədir.

Yarandığı 1995-ci ildən bu günə kimi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ölkə daxilində onlarla maraqlı layihələrə imza atıb, çoxsaylı maraqlı tədbirlər keçirib və bu gün də öz missiyasını ləyaqətlə davam etdirir.

Təəssüf doğuran budur ki, AİJA bütün fəaliyyətini dövlətdən, özəl qurumlardan heç bir maliyyə dəstəyi almadan, öz rəhbərinin şəxsi vəsaiti hesabına həyata keçirir. Aidiyyəti orqanlara, xüsusilə gənclər və idman nazirliyinə bu barədə dəfələrlə yazılı və şifahi müraciətləri nəticəsiz qalıb. Beynəlxalq tədbirlərimizə ölkə başçımız tərəfindən göstərilən maddi və mənəvi dəstəkdən savayı, MOK və GİN tərəfindən ara-sıra xarici səfərlərə yol xərclərimizin qismən qarşılanmasından başqa heç bir maddi dəstək almayıb. Bununla yanaşı, çətinliklərə sinə gərib, tarixə çevrilmiş 25 il keçirib.

Veb portalımızın əziz izləyiciləri,

Bu yazıda Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının fəaliyyətinin bəzi ştrixlərini göstərməyə çalışdıq. Saytımızda çoxsahəli fəaliyyətimiz,  arxada qalan 25 ilin ən maraqlı məqamları barədə Sizə ətraflı məlumatlar, foto-video materiallar, faktlar, arqumentlər, araşdırmalar təqdim edəcəyik.