İnsanlıq vəzifəsi: Habil Qurbanov - 65

  • 09 mart 2020
  • 2798

Rayonda xəbər tez yayılır. Toy, hüzr, insanların həyatında, məişətində diqqətçəkən məqam ağızdan-ağıza, dildən-dilə düşüb anında bütün bölgəni əhatə edir. Ələlxüsus da kəndlərdə. Böyük şəhərdə isə bu mümkün deyil. Çoxdan görmədiyin dost-tanışınla rastlaşanda mütləq olan-keçənlər dilə ğəlir.
Habil müəllimlə də tez-tez rastlaşmadığımızdan görüşəndə çox vaxt söhbətimiz qısa alınmazdı. Təxminən on səkkiz ilin söhbətidi. Mühüm bir məsələ ilə əlaqədar baş prokurorluğun idarə rəisi Habil Qurbanovun yanına getmişdim. Xoş-beş, nə var-nə yox... Söhbət əsnasında uzun illər rayonumuza rəhbərlik etmiş, Sovetlər dönəminin ən ali mükafatlarına, hətta Sosialist Əməyi Qəhrəmanı tituluna yiyələnmiş, SSRİ Ali Sovetinin neçə çağırış deputatı olmuş, sözün həqiqi mənasında, təmiz, vicdanlı, təmənnasız bir insandan danışdım. Adını deməsəm də bu yazını oxuyanlar dərhal kim olduğunu anlayacaqlar. Dedim:
– O insan indi xəstədir, ağır infarkt keçirib. Maddi sıxıntıdan “Gənclik”dəki dörd otağını 8-ci kilometrdə kiçik bir “xruşşovka”ya dəyişmək məcburiyyətində qalıb. Qürurlu adamdır, bu vəziyyətdə də özünü sındırmır, kömək-filan qəbul etmir. Mən onunla tez-tez görüşürəm, bir bəhanə ilə müəyyən dərəcədə əl uzadıram. Təzə mənzilində olmamışdım. Həmzə müəllimə (Ağdam ziyalılarından biri, keçmiş deputat Həmzə Əliyev. E.İ.) zəng vurub onun xəstə olduğunu, vaxtı varsa birlikdə gedib baş çəkməyimizi təklif etdim. Həmzə müəllim təklifimi məmnuniyyətlə qəbul etdi. Novruzdan bir gün əvvəl adi bayramlıq boxçası ilə o gözəl insanı yoxlamağa getdik. Xəstəlikdən əməlli-başlı sınıqmış, sifətinin rəngi solmuşdu. Mənzilində bir ömür-gün yoldaşı idi, bir də özü. Kasıb adam haqqında “Bir həsirdir, bir də Məmmədnəsir” deyimini xatırladım. Doğrudan da vaxtı ilə yüksək dövlət toplantılarında rəyasət heyətində əyləşmiş, çoxlarına təmənnasız rütbə, vəzifə, çörək vermiş bu Nadir insanin təmirsiz mənzilində döşəməyə xalça yerinə nimdaş həsir sərilmiş, bir-iki köhnə əşya qoyulmuşdu.
– Ola bilməz, nə danışırsan? – deyə Habil müəllim heyrətini gizlədə bilmədi.
– Bu hələ harasıdır – dedim – gündəlik mətbuatı daim izləməyi vərdiş edən, ölkənin və dünyanın ictimai-siyasi həyatından hamıdan əvvəl xəbər tutan bu insanın evində televizor demirəm, adi bir radio da yox idi...
Habil müəllimin gözləri yaşardı. Elə mənim də. Söhbətin mövzsunu dəyişdim. Bir qədər sonra onunla xudahafizləşib çıxdım.
Bir neçə gündən sonra işlək telefon aparatı, əl radiosu və təzə qəzet-jurnallarla xəstəni yoxlamağa getdim. Gözlərimə inanmadım. Dostumun rəngi bir qədər açılmışdı. Mənzilində xalça da vardı, radio da, hələ desən, televizor da...
– Deyəsən gecikmişəm, radio almısınız.
– Almamışam, sağ olsunlar, JEK-dən göndəriblər. Deyəsən insanlıq, xeyirxahlıq hisslərini saxlayanlar hələ var – dedi.
Bu məsələ məndə jurnalist marağı oyatdı. Öz adımdan, dostlarım adindan minnətdarlıq etmək üçün həmin ərazinin mənzil istismar sahəsinə getdim. Rəislə görüşdüm. Minnətdarlıq etdim və bu barədə mütləq mətbuatda yazacağımı bildirdim. JEK rəisi narahat idi. Sözlü adama oxşayırdı. Çox çək-çevirdən sonra:
– Nəbadə yazasınız, vallah dədəmi yandırarlar – dedi – bu bizim işimiz deyil, müəllim - Baş prokurorluğun sürücüsü gətirmişdi, dedi ki, Habil müəllim xəbərdarlıq elədi ki, heç kimə bildirməyək, öz adımızdan aparıb kişinin mənzilinə qoyaq. Prokurorla zarafat etmək olmaz, özünüz bilirsiniz də. Xahiş edirəm bunu sizə deməmiş olum, yoxsa ...
Kişiyə söz verdiyim kimi, bu barədə heç vaxt, heç yerdə danışmadım. Artıq xeyli vaxt keçib. Həmin insan da haqq dünysındadır. Yəqin, Habil müəllim də məni bağışlayar. Məqamı düşdü deyə yazdım. Və bu yazı ilə Habilin portretinin ən cəlbedici cizgilərini, əziz oxucularım, Sizlərə göstərmək istədim. Məncə göstərdim də.
Bəs nə yazaydım? Yazaydım ki, Habil Surxay oğlu Qurbanov 14 mart 1955-ci ildə Ağdamda Maarif xadimi Surxay Qurbanovun ailəsində dünyaya göz açıb, böyük vəzifələrdə çalışıb, hüquq elmləri üzrə həm namızədlik, həm də doktorluq dissertasiyalarını hələ 1997-ci ildə, 42 yaşında Moskvada müdafiə edib? Göstərim ki, 112 elmi məqalənin, 6 monoqrafiyanın, 5 dərsliyin müəllifidir, Avropa Humanitar Elmlər Aklademiyasının, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademikidir? Bunları internetdən də oxumaq olar. Mən göstərmək istəyirəm ki, Habil Qurbanov vəzifələrin ən çətinini, ən mühümünü daşıyır. Bu, ilk növbədə, insanlıq vəzifəsidir. Atalar əbəs deməyib ki, “alim olmaq asandır, insan olmaq çətin!”
Habil müəllimlə görüşlərimin birində:
– Habil, qardaşım, sənə bir sual verəcəm. Amma, düzünü de, yazmaq-flan üçün soruşmuram – dedim.
– Bu nə sözdür, mən heç vaxt yalan danışmamışam – deyə təəccüblə üzümə baxdı.
– Amma mən danışmışam, yeri gələndə indi də danışaram – demişdim. Bu barədə sonra. Bax, uzun illər, lap cavan yaşlarından prokuror işləmisən. Heç qanunazidd qərar çıxarmısan? Yəni, qanunu pozmusan?
– Doğrudan gözlənilməz sualdı. Olub. Birdi, beşdi, ondu... Amma düşünmürəm ki, bunlar, qanunsuzluqdur – dedi və sözünə davam etdi. 1994-cü ildə Qaradağ rayon prokurorluğuna yeni təyinat almışdım. Əvvəlki prokurorun dövründə Xocavənd rayonundan bir nəfər məcburi köçkün, həmin rayonun polis sahə müvəkkili ailəsi ilə şəxsi avtomobilində rayondan gələndə sükan arxasında yuxulamış, ehtiyatsızlıqdan qəza törətmişdi. Qəzada həyat yoldaşı və oğlu həlak olmuşdular. Bu barədə cinayət işi açılmışdı. Mən bu insanın şəxsiyyətini, Qarabağ savaşında xidmətlərini, ailə vəziyyətini, başlıcası, qəzada böyük itkilərini və sonsuz kədərini götür-qoy etdim. Bu boyda dərddən sonra onu mühakımə etmək, türməyə atmaq nə qədər ədalətli olardı? Vicdanım yol vermədi. Ona yardımçı oldum. Hətta işdə saxlanılmasına da köməyim dəydi.
Ömrünün 65-ci səhifəsini tamamlayan Habil Qurbanov peşəkar hüquqşünas, tanınmış elm adamı olmaqla yanaşı, həm də əsl idman cəfakeşidir. Böyük qardaşı rəhmətlik Nizami Qurbanov Ağdam futbolunun yaradıcılarındandır. Uzun müddət komandanın mahir hücumçularından olub. Habil isə çətin vaxtlarında "Qarabağ" Futbol Klubuna maddi və mənəvi himayədarlıq edib. Məsul vəzifələrdə işləyəndə də, ondan əvvəllər də idmanı sevib, dünyanın və ölkənin idman həyatına, necə deyərlər, qaynayıb-qarışıb.
Hələ uşaq vaxtlarında Ağdamda 1 nömrəli orta məktəbin futbol komandasının bombardirlərindən olub. 1994-cü ilin yayında qardaşı Şamillə Amerika Birləşmiş Ştatlarına, FİFA Dünya Çempionatını izləməyə gedib. Kaliforniya ştatınin Pasadina şəhərində məşhur “Pouz Boul” stadionunda Braziliya ilə İtaliya finalında olub. O vaxt Braziliya millisi İtaliya yığması üzərində 3:2 hesabı ılə qaləbə çalaraq Dünya Çempionu tituluna yiyələnmişdi.
Habil müəllim deyir ki, həmin Dünya Çempionatı bir sıra başqa arzuolunmaz məqamları ilə də dünya futbolsevərlərinin hafizəsində iz qoyub. Məsələn, Kolumbiya iyunun 26-da “Pouz Boul” stadionunda ABŞ-a 1:2 hesabı ılə məğlub olmuşdu. Bu qollardan biri Kolumbiya yığmasının öz oyunçusunun səhvinin nəticəsi idi. Iyunun 26-da Kolumbiya komandası isveçliləri 2:0 hesabı ılə məğlub etsə də bir neçə gün sonra, iyulun 2-də ölkəsinə geri dönən Kolumbiya yığmasının futbolçüsü Andres Eskobar öz qapısına qol vurduğuna görə güllələnmişdi. Cani restoranın avtomobil dayanacağında faktiki olaraq öz qapısına qol vuran futbolçunu 12 güllə ilə “cəzalandırmışdı”.
Amerika səfərindən 2 il sonra Habil Qurbanov Böyük Britaniya paytaxtında “London 2000” UEFA Kubokunun təqdimetmə mərasimində də iştirak etdi.
O, ölkz idmanımızin tanınmış simaları ılə dostluq edirdi, indi də edir.Albomundakı çoxsaylı fotoşəkillər, şəxsi arxivindəki sənədlər bunu bir dha təsdiq edir. 19 il bundan öncə prokuror işlədiyi Dəvəçidə, rayon stadionunda çəkilmiş bir fotoşəkildə Habil müəllim məşhur futbolçular Anatoliy Banişevski, Vladimir Bruxti, Azərbaycan güləş məktəbinin tanınmış siması Alkividau Pavlidi ilə bir yerdədir.
Habil Qurbanov "Qarabağ Futbol Veteranları" Klubunun təsisçisi və prezidentidir. Azərbaycanda ilk Mini Futbol (Futzal) Qurumunun yaradıcısıdır. 1993-2008-ci illərdə AFFA-nın Futzal və Hüquq Komitələrinə sədrlik edib. 1998-ci ildə Azərbaycan Futzal Federasiyasını təsis edərək Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyə nail olub.
Habil müəllimin fikrincə idman bütün dünyada barışın, əminamanlığın, dostluğun, insanlığın, mədəniyyətlərarası ünsiyyətin katalizatorudur. İdmanı sevmək, ona pərəstiş bütün sahələrdə çalışanları, həmçinin insan hüquqlarının keşiyini çəkənləri ədalətə, humanizmə, dürüstlüyə, təmizliyə yönləndirməyə bilməz.
65 yaş nədir ki?! Elmi nailiyyətlərini daha da yüksəltmək, idmanımızın, olimpiya hərəkatımızın inkişafına şovqlə xidmət göstərmək üçün Habil Qurbanovun bilik, istedad və ilham çeşməsi hələ çağladıqca çağlayacaq. Yubileyin mübarək, əziz dostum!

Eldar İsmayılov,
AİJA prezidenti
Əməkdar Jurnalist