Valid Sənani-85

  • 12 may 2020
  • 2331

Valid Möhsün oğlu Sənani 1935-ci il mayın 12-də Bakının İçərişəhərində, məşhur aktyor Möhsün Sənaninin ailəsində anadan olub. Valid 1952-ci ildə 7 nömrəli orta məktəbi bitirıb Bakı Dövlət Universitetinin geologiya fakültəsinə daxil olub, 1957-ci ildə ali təhsilini başa çatdırıb.
O, 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb.
1958-ci ildən 1967-ci ilədək radionun «Xəbərlər» baş redaksiyasında redaktor, böyük redaktor, baş redaktorun müavini, 1967-1991-ci illərdə baş redaktor, proqram baş redaksiyasının direktoru vəzifələrində işləyib. 1991-ci ilin martında Azərbaycan Jurnalistlər Birliyi sədrinin müavini seçilib. Bu vəzifədə qalmaqla 1998-2001-ci illərdə AzTV-nin «Səhər» redaksiyasında redaktor, 2001-2005-ci illərdə «Lider» televiziyasında dublyaj redaktoru, 2005-ci ilin may ayından ömrünün sonunadək «Space» televiziyasında redaktor işləyib.
Azərbaycan televiziyasının ilk futbol şərhçisidir. Bir sıra radiooçerklərin, radiokompozisiyaların müəllifidir. Bakıda keçirilən mühüm dövlət tədbirlərinin, habelə keçmiş sovet respublikalarında Azərbaycanla bağlı tədbirlərin radio və televiziya ilə canlı yayımlarının aparıcısı olub.
Respublika qəzetlərində müasir radio və televiziyanın aktual problemləri barədə məqalələri dərc edilib.
1961-ci ildə Ofeliya Sənani ilə ailə qurub. 1 oğlu, 1 qızı, 3 nəvəsi, 1 nəticəsi var.
Valid Sənani 29 iyun 2001-ci ildən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü idi.
23 yanvar 2011-ci ildə vəfat edib.