İdmanımıza ağır itgi Xanlar Qurbanov vəfat etdi

  • 08 avqust 2020
  • 2678

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, AİJA-nın Milli İdman Media Mükafatı laureatı,  Milli Olimpiya Komitəsinin üzvü, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kafedra müdiri, onlarla kitab və məqalələrin müəllifi  Xanlar Kazım oğlu Qurbanov ömrünün 70-ci yayında haqq dünyasına qovuşdu.

O, 20 yanvar 1950-ci ildə Bakının dağlı məhəlləsində anadan olmuşdur. Xızı-Bərmək mahalının qədim Xələnc kəndinin pəhləvanlar nəslindən olan Xanlar Qurbanov 1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olub, 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirib, hələ tələbə ikən sərbəst güləş üzrə bir sıra ölkə və beynəlxalq yarışlarının iştirakçısı və mükafatçısı olub.

İnstitutu bitirdikdən sonra təyinatla həmin institutun güləş kafedrasında müəllim təyin edilib. 1968-ci ildə Moskva şəhərində Ümumittifaq Bədən Tərbiyəsi Elmi Tədqiqat İnstitutunun aspiranturasını uğurla başa vuraraq pedaqoji elmlər namizədi alimlik dərəcəsinə yiyələnib

Xanlar müəllim, bütün b ilikj və bacarığını ölkəmizdə idmanın tədrisinə, sərbəst güləş növünün inkişafına sərf edib, yüksək idman nailiyyətlərinə imza atan çoxsaylı  pəhləvanlar yetirib.

Professor Xanlar Qurbanov İstanbul Tibb-Spor Universitetinin fəxri  professoru, Beynəlxalq Güləş Federasiyasının (FİLA) elmi komisiyasının üzvü idi.

O, 1970-ci ildən idman ustası, 1982-ci ildən ümumittifaq dərəcəli hakimi,  Azərbaycan Respublikasının Əməkdar Məşqçisi idi. Professor Xanlar Qurbanov ölkəmizdə təhsilin və idmanın inkişafına töhfələrinə görə “Tərəqqi” medalı  ilə təltif edilmiş, “Vektor Beynəlxalq Elmi Mərkəzi” tərəfindən “Azərbaycanın tanınmış alimləri” və “XXI əsr Azərbaycan ziyalıları” diplomlarına layiq görülmüşdür.

Ləyaqətli insan və vətəndaş, alim, idman bilicisi Xanlar Kazım oğlu Qurbanovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin.