Vüqar Zifəroğlunun ustad dərsi

  • 07 iyun 2021
  • 2263

UEFA-nın media tərəfdaşı olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi - Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) Bakının da ev sahiblərindən olacağı futbol üzrə Avropa çempionatı öncəsi idman jurnalistlərinin peşəkar inkişafına dəstək məqsədilə may və iyun aylarında keçirdiyi maarifləndirici marafona yekun vurulub.

Bu gün Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi ilə əməkdaşlığımız çərçivəsində əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu "İctimaiyyətlə əlaqələrdə auditoriya ilə iş prinsipləri" mövzusunda ödənişsiz onlayn ustad dərsi keçib.

AİJA-nın BDU Jurnalistika fakültəsi və inSportPress-lə birgə təşkil etdiyi, Etopaz-ın baş sponsoru olduğu, İdman TV, Oxu.az, Estafet.az və Media.az-ın informasiya dəstəyi verdiyi

onlayn dərsin moderatoru, AİJA-nın vitse-prezidenti Anar Şabanoğlu giriş sözündə jurnalistika peşəsinin çətinliyindən danışaraq bir neçə gün əvvəl şəhid olan həmkarlarımız Sirac Abışov və Məhərrəm İbrahimovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

A. Şabanoğlu daha sonra AÇ 2020-nin Azərbaycanda olmasının əhəmiyyətinə diqqət çəkərək bu mötəbər turnir öncəsi AİJA-nın keçirdiyi maarifləndirici marafona Vüqar Zifəroğlunun ustad dərsi ilə major notda yekun vurulacağını deyib. O V. Zifəroğlunun BDU jurnalistika fakültəsinin tələbələrinin sevimli müəllimlərindən olduğunu xüsusi vurğulayıb.

Daha sonra söz alan AİJA prezidenti Eldar İsmayılov müasir Azərbaycan jurnalistikasının və elminin aparıcı simalarından V. Zifəroğlunun bu dərsini dinləyən hər kəsə böyük fayda verəcəyini qeyd edib.

İdmanı və xüsusən futbolu sevdiyini açıqlayan Vüqar Zifəroğlu böyük maraqla qarşılanan dərsə start verib. Əsas mövzu "İctimaiyyətlə əlaqələrdə auditoriya ilə iş prinsipləri" olsa da, digər aktual məsələlərə də toxunulub, iştirakçılar BDU Jurnalistika fakültəsinin dekanının dəyərli fikirləri ilə tanış olublar.

Sonda AİJA rəhbərliyi və iştirakçılar Vüqar Zifəroğluya faydalı dərs üçün təşəkkür ediblər.