AİJA ustad dərslərinə start verdi

  • 31 may 2021
  • 1952

UEFA-nın media tərəfdaşı olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi - Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA), Oxu.az və inSportPress birgə təşkilatçılığı, Etopaz-ın baş sponsorluğu, Media.az, İdman TV, Qazet.az və Estafet.az-ın informasiya dəstəyi ilə tanınmış jurnalist-bloger, “Global Media Group”un Media Direktoru Həmid Həmidovla “Jurnalistika və bloqinq” mövzüsünda onlayn görüş keçirilib.

Bakının da ev sahibliyi edəcəyi futbol üzrə Avropa çempionatı öncəsi təşkil olunan onlayn görüşdə idman jurnalistləri, jurnalistika fakültələrinin tələbələri və məzunları iştirak edib. Əvvəlcə AİJA-nın vitse-prezidenti, idman jurnalisti Anar Şabanoğlu söz alaraq Həmid Həmidovu 20 ildən artıq müddətdə tanıdığını, onun karyerasına idman jurnalisti kimi başladığını və bir müddət futbol üzrə milli komandamızda da çalışdığını xatırlayıb, Həmidovun hər zaman ölkəmizin mənafeyini məntiqli, layiqli, dəlilli, intellektual yazıları və çıxışları ilə qoruduğunu vurğulayıb.

Daha sonra AİJA-nın vitse-prezidenti və onlayn görüşün moderatoru Natiq Nəsirov iştirakçıları salamlayaraq sözü Həmid Həmidova verib.

Tanınmış jurnalist-bloger idman jurnalisti kimi fəaliyyətə başlayandan bir müddət sonra bu sahədən uzaqlaşmaq haqda düşündüyünü, amma sonda iradə göstərərək yoluna davam etdiyini, milli komandamızda çalışdığı dövrdə keçmiş baş məşqçi Berti Foqtsun azərbaycanlılara xoşagəlməz münasibətinə görə futboldakı fəaliyyətini çox qısa zamanda bitirdiyini yada salıb.

Həmid Həmidov uğur formulunu yazılarında və çıxışlarındakı səmimiyyətlə əlaqələndirib, istər jurnalist, istərsə də bloger kimi populyarlaşmanın digər sirrini kimin necə reaksiya verəcəyini düşünmədən hər zaman fikrini açıq söyləməkdə gördüyünü deyib.

Görüşdə iştirak edən Azərbaycan Futzal Federasiyasının mətbuat katibi, Vətən müharibəsi qazisi Mahal Məmmədov Həmid Həmidovla Azərbaycan Futbol Federasiyasiyaları Assosiasiyasında birgə çalışdıqlarını deyərək, uzun müddətdən sonra onu görməyə şad olduğunu bildirib.

Dostluq əhval-ruhiyyəsində keçən onlayn görüşün sonunda Anar Şabanoğlu Həmid Həmidovun bu ay Şuşada möhtəşəm "Xarı Bülbül" festivalında olduğunu və doğma Qarabağımızdan gətirdiyi müsbət enerjini içtirakçılara da ötürdüyünü deyib, bu faydalı görüşə dəyərli vaxtını ayırdığı üçün "Global Media Group"un Media Direktoruna təşkilatçılar adından təşəkkürünü çatdırıb.