UEFA-nın media tərəfdaşı olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi – Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) Qazet.az və inSportPress-lə birgə təşkilatçılığı, Etopaz-ın baş sponsorluğu, İdman TV, Oxu.az, Estafet.az və Media.az-ın informasiya dəstəyi ilə keçirilən ödənişsiz onlayn jurnalistika təliminə və ingilis dili kursuna start verilib.
Görkəmli pedaqoq və media eksperti Aynur Kərimovanın rəhbərliyi ilə jurnalist-multimedia mütəxəssisi Əfsanə Salehova tərəfindən aparılan jurnalistika təlimi böyük marağa səbəb olub.
Texniki imkanları nəzərə alan təşkilatçılar yekunda lazımi effekt almaq üçün seçim edərək müraciət edən “Jurnalistika” fakültələrinin tələbələrinə və məzunlarına, eyni zamanda idman jurnalistlərinə daha çox üstünlük vermək məcburiyyətində qalıb. Sırf idman jurnalistləri üçün keçirilən ingilis dili kursunu isə RS Academy-nin rəhbəri, lisenziyalı İELTS təlimatçısı Ramin Sayadov aparır. Məqsəd iyun ayında başlayacaq və dörd oyununa Bakının ev sahibliyi edəcəyi futbol üzrə Avropa çempionatı öncəsi KİV nümayəndələrinin bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. (oxu.az)