Yeni nazirə ilk məktubumuz

  • 13 sentyabr 2021
  • 2167

                                                                                                             Azərbaycan Respublikasının Gənclər və İdman Naziri

                                                                                                                 cənab F. QAYIBOVA

                                                                                                                  Bakı, 13 sentyabr 2021-ci il                № 28

Möhtərəm Fərid müəllim, 

 

Sizi Azərbaycan Respublikasının Gənclər və İdman Naziri təyin edilməyiniz mnasibətilə bir daha təbrik edir, dövlətimizin gənclər və idman siyasətinin  uğurla həyata keçirilməsi sahəsindəki şərəfli və məsuliyyətli fəaliyyətinizdə böyük nailiyyətlər arzulayırıq və əmin edirik ki, fəaliyyətinin 26-cı ilini yaşayan idman mediası yaradıcı əməkdaşlarının milli peşəkar birliyi missiyasını inamla yerinə yetirən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA bu mötəbər, şərəfli işinizə daim dəstək verəcək, hər zaman yanınızda olacaqdır.

 

AİJA 1995-ci ildə bilavasitə Azərbaycan Respublikasının Gənclər, Turizm və İdman Nazirliyində, cənab nazirin, onun müavinlərinin, ölkənin idman ictimaiyyətinin, jurnalistikamızın öncül nümayəndələrinin iştirakı ilə yaradılmışdır və bugünədək dövlətimizə daim başucalığı gətirmiş, MDB məkanında Rusiyadan sonra ilk dəfə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının Ümumdünya Konqresinin Bakımızda təşkilinə nail olmuşdur.

 

Çətin pandemiya şəraitində işləməsinə baxmayaraq Böyük Qarabağ zəfərimizdən ruhlanan  AİJA bu il idman jurnalistlərimizin iştirakı ilə 15-dək maraqlı, ölkəmiz və idman mediamız üçün olduqca faydalı layihələr həyata keçirmiş, bu tədbirlərin, demək olar, hamısı yerli və beynəlxalq mediada geniş işıqlandırılmışdır. Ümid edirik ki, yaxın günlərdə təşkilatımızın rəhbərliyini qəbul edəcək, onun uğurları, yüksək nailiyyətləri və həllini gözləyən problemləri barədə birinci mənbədən müfəssəl məlumatlar əldə edəcəksiniz.

 

İndi ölkə başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə 30 illik düşmən istilasından azad edilmiş müqəddəs torpaqlarımızda bərpa və quruculuq işlərinin sürətlə davam etdirildiyi bir vaxtda müvafiq dövlət qurumlarının dəstəyi ilə gənclər və qeyri hökumət təşkilatlarının, jurnalistlərin, yazıçıların, digər sahələrin nümayəndələrinin Qarabağa ardıcıl səfərləri təşkil edilir. İdman jurnalistlərimizin bizə çoxsaylı müraciətlərində onların mədəniyyət, musiqi, ədəbiyyat, elm beşiyi olmaqla yanaşı idmanımıza  futbol dünyasında iz qoymuş Tofiq Bəhramov, Eldar Əzimzadə kimi simalar bəxş etmiş Şuşaya səfər etmələrinə, yeniləşən mədəniyyət paytaxtımızda qurulacaq idman imfrastrukturu barədə yerindəcə məlumatlar toplamaq imkanlarının yaradılmasına köməyimiz arzu olunur.

 

İdman jurnalistlərimizin bu arzularının reallaşmasına maddi və mənəvi dəstəyinizi xahiş edirik.

 

 


 Dərin hörmətlə,

    

Eldar İsmayılov,

AİJA prezidenti,

Azərbaycan Respublikasının Əməkdar Jurnalisti