Qırğız həmkarımızın yubileyi Kabıl Makeşov - 60

  • 12 oktyabr 2021
  • 1075

Kabıl Asangəldiyeviç Makeşov və onun təmsil etdiyi Qırğızıstan İdman Jurnalistləıri Federasiyası uzun illərdən bəri AİJA-nın dostu və tərəfdaşıdır.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, əməkdar jurnalist Eldar İsmayılov Kabul ilə dostluğunun təməlini belə xatırlayır:

Onunla düz 24 il bundan əvvəl İspaniyanın Asturiya Knyazlığının paytaxtı Oviyedo şəhərində, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının – AİPS-in ilk dəfə qatıldığımız 60-cı Ümumdünya Konqresində tanış olmuşduq. O vaxt təşkilatımızın beynəlxalq birliyə üzvlüyünün təsdiqi konqresdə üzv ölkələrin nümayəndələrinin səs çoxluğu ilə həll edilməli idi. Konqresə yüzdən çox ölkədən nümayəndələr gəlmişdi. Hər kəs bizimlə maraqlanır, yaxınlaşıb tanış olurdu.

Gənc bir oğlanın başındakı “Ak Kalpaq”dan onun qırğız olduğunu anladım. Əlini uzadaraq doğma türk dilimizin qırğız ləhcəsində: 

 – Taanş olak, Kabıl Makeşov – dedi.

– Qardaş Qırğızıstana salamlar! – deyib əlini sıxdım.

– Kırqız bolqonumu xaradan bildiniz?

– “Ak Kalpak” bunu demirmi? Bilirəm ki, “Ak Kalpak” adi papaq deyil, qırğızların milli qeyrət rəmzidir.

Kabıl gülümsündü:

 – Xalal bolsun, asl türkziz, odur ki, Size öz dilimizde süylöşmək istedim – dedi və qollarını geniş açıb mənə sarıldı. Əlbəttə, mən də ona.

Sonra Kabul məni Qırğızıstan İdman Jurnalistləri Federasiyasının ovaxtkı prezidenti Askar Salımbekovla, onun rəhmətlik xanımı Gülmira Mambetaliyeva ilə tanış etdi. Dörd gün davam edən konqresdə Qırğızıstan və Azərbaycan nümayəndələri dostlaşdılar, necə deyim, “qaynayıb qarışdılar”. Həmin vaxtdan da dastluğumuz davam edir.


Müasir qırğız idmanı yerli jurnalistikayla sıx bağlıdır. Qardaş xalqın mediasını isə Kabıl Makeşovsuz təsəvvür etmək mümkün deyil.  İdman və jurnalistikanı birləşdirən Kabil, karyerası boyu Qırğız idmanının canlı ensiklopediyasına çevrilə bilib.  Bütün həyatı boyu bir istiqamətdə –  idman jurnalisti kimi çalışması bunu sübut edir.

Ustadın öz peşəsinə münasibəti də özünəməxsusdur. O, idman yarışlarını nəinki maraqlı xəbərlərlə işıqlandırır, həm də iştirak etdiyi idman olayları haqqında geniş yazıları ilə diqqət çəkir. 

Kabıl Makeşov "Qırğızıstan Respublikasının Bədən Tərbiyəsi və İdman Ensiklopediyası" toplusu və Qırğız idmanı ilə bağlı bir neçə yaddaqalan əsəri ilə özünü artıq vətənpərvər və bacarıqlı bir jurnalist kimi təsdiqləyə bilib.

O, 2003 - cü ildən bu günə kimi Qırğız Respublikası İdman Jurnalistləri Federasiyasının baş katibidir.  Geniş ictimai fəaliyyəti və istedadı ölkə gəncləri üçün artıq özünəməxsus bir yaradıcılıq modelinə çevrilib. 

Kabıl Asangeldieviç London, Rio-de-Janeyro, Soçi Olimpiya Oyunlarını, eləcə də Qırğızıstan idmançılarının iştirakı ilə keçirilən bir sıra irimiqyaslı beynəlxalq idman tədbirlərini maraqlı yazıları ilə yaddaşlara iz buraxa bilib. O, 1995 - ci ildən Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) üzvüdür, O, yubileyi münasibətilə AİPS-in xüsusi mükafatına layiq görülüb.

Əziz dost, bu müsbət enerjini itirmədən Qırğızıstan idmanının tarixini yazmaqda həmişə öndə ol!  60 yaşın mübarək!  Sənə möhkəm cansağlığı, güclü enerji və firavan həyat arzulayırıq!

 

Nurlana Əliyeva,

AİJA və AİPS üzvü