Şəhidimizin anım mərasimi keçirilib

  • 23 oktyabr 2021
  • 2524

İdman yazarı Vüqar Məmmədovun oğlu, Vətən müharibəsinin qəhrəmanlarından olan Ülvü Məmmədovun şəhidlik zirvəsinə ucalmasından bir il ötür. 

Bu münasibətlə şəhidimizin doğulub boya-başa çatdığı Qubanın Alekseyevka kəndində anım tədbiri keçirilib. Tədbirdə şəhidimizin döyüş yoldaşları, şəhid ailələri, Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının nümayəndələri və digərləri iştirak ediblər. 

Öncə Ülvi Məmmədovun Alekseyevka kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, onun üzərinə əklil və tər qərənfillər düzülüb, ruhuna dualar oxunub. Daha sonra Rəhman Məmmədov adına Alekseyevka kənd orta məktəbində şagirdlərlə görüş keçirilib. Təhsil ocağının direktoru İsa Əlixanlı Ülvü Məmmədovun nümunəvi şagirdlərdən biri olduğunu bildirərək, vətənpərvərliyi və igidliyi ilə şagirdlərə örnək olduğunu vurğulayıb. O, məktəbdə şəhidin xatirə guşəsini yaratdıqlarını və tezliklə genişləndiriləcəyini dilə gətirib. Vətən müharibəsi şəhidinin döyüş yoldaşı olmuş qəhrəman qazilərimiz Ülvü Məmmədovun şücaətindən, qorxmaz döyüşçü olmasından danışıblar.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Natiq Nəsirov Ülvü Məmmədov və digər şəhidlərimizin qəhrəmanlıq yolunun öyrənilməsinin ölkəmizin bu günü və gələcəyi üçün çox vacib olduğunu qeyd edib. Məktəbin şagirdləri Vətən yolunda canından keçən Ülvü Məmmədov və bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər deyib.

Çıxış edən qonaqlar şəhidin atası Vüqar Məmmədova belə bir övlad yetişdirdiyi üçün öz minnətdarlıqlarını bildiriblər.

Ülvü Vüqar oğlu Məmmədov 29 iyul 1997-ci ildə Quba rayonunun Alekseyevka kəndində dünyaya gəlib. Vətən müharibəsində xüsusi sücaət göstərən Ülvü Məmmədov 2020-ci il oktyabrın 21-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə işğalçı düşmən tərəfindən atılan snayper gülləsi nəticəsində şəhidlik zirvəsinə ucalıb. O, oktyabrın 23-də Quba rayonunun Alekseyevka kəndində dəfn olunub. 

Azərbaycan Prezidenti, Müzəffər sərkərdə, Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən Ülvü Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!