Azərbaycan uşaqları dünyaya sülh mesajı verdilər - "Ey idman, sən sülhsən!"

  • 05 mart 2022
  • 1478

"Ey idman, sən sülhsən!" - Müasir Olimpiya hərəkatının banisi Baron Pyer de Kuberten idmana vurğunluğunu belə ifadə etmişdi.

Dünyamızda milyonlarla insanın müharibə dəhşətlərindən əziyyət çəkdiyi bir vaxtda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) milli subyekti Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) Azərbaycanda təntənə ilə qeyd edilən 5 mart Bədən Tərbiyəsi və İdman Gününə həsr etdiyi layihənin leytmotivi də elə unudulmaz idman fədaisinin bu məşhur kəlamı oldu.

Layihə AİJA-nın təşkilatçılığı ilə Azərbaycanın öncül təhsil ocaqlarından birində - paytaxt Bakıda fəaliyyət göstərən “Hədəf” liseyində həyata keçirildi. İki gün davam edən tədbirdə liseyin şagirdləri dünyanın hər bir nöqtəsinə çatsın deyə ingilis dilində idman və sülh mövzusunda müzakirələr apardılar, esselər yazdılar, rəsmlər çəkdilər.  Uşaqların normal təfəkkürünün inkişafına, sağlam həyat tərzinə, idmana və sülhə sevgisinin artmasına müsbət təsir göstərən bu humanist layihənin iyirmidən çox iştirakçısına AİJA sertifikatları təqdim edildi. 

AİJA-nın birinci vitse-prezidenti Nərgiz Mahmudzadə, liseyin təlim-tədris işləri üzrə direktor müavini Püstəxanım Səfərova, tərbiyə işləri üzrə direktor müavini Ravil Böyükzadə, xarici dillər kafedrasının rəhbəri Eren Kancılar, şagirdlərdən Raul Ələkbərli, Ziya Şəldiyev və başqaları çıxış edərək idmanın yer kürəsində sülhün və əminamanlığın carçısı olmasını, yarışlarda rəqiblərin, komandaların və atletlərin nəticədən asılı olmayaraq mübarizənin sonunda bir-birinə dostluq və mehribanlıq nümayiş etdirdiklərinə diqqət çəkərək dünyadakı bütün qarşıdurmaların bax belə sonuclanmasını arzu etdiklərini vurğulayıblar.