"Qarabağ" növbəti dəfə azarkeşlərini sevindirdi

  • 13 iyul 2022
  • 1097

Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ”la  “Lex” arasında Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab qarşılaşması Ağdam təmsilçisinin 5:1 hesabla parlaq qələbəsi ilə nəticələndi. Bununla da Azərbaycan klubu İsveçrə “Sürix”i ilə qarşılaşacağı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə adlayıb.

Bu oyundan sonra UEFA-nın reytinq siyahısında dəyişikliklər olub. "Qarabağ" Bakıda Polşa "Lex"ini böyük hesabla məğlub etməklə ölkəmizin aktivinə 0,250 xal yazdırıb. Azərbaycan son 5 mövsüm üzrə xal sayını 12,875-ə çatdıraraq 29-cu pillədə qərarlaşıb. 

Bu arada "Qarabağ"ın dünya reytinqində mövqeyi də açıqlanıb. Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticə göstərən " Ağdam klubu 141,5 xalla 89-cudur.

Cavab görüşündən sonra təşkil olunan mətbuat konfransında “Qarabağın” baş məşqçisi Qurban Qurbanov deyib:

"Hamını qələbə münasibəti ilə təbrik edirəm. Çox möhtəşəm qələbə oldu. Bu cür qalibiyyətlər nadir hallarda olur. Sadəcə, hər şey istədiyimiz kimi alındı. Futbolçular çox istəkli idilər. İlk saniyələrdə qol buraxsaq da, sınmadıq. Oyun intizamını saxladıq. Çox yaxşı komandaya qalib gəldik. Fərqli, sürətli oyunçuları var. Yaxşı əks hücuma çıxırdılar. Bu, bir başlanğıcdır. İlk oyundan sonra hamı Polşa azarkeşlərindən danışırdı. Bu gün gördük ki, bizim fanatlarımız onlardan üstündür. Dünən dedim ki, 10 milyon bizim arxamızdadır. Bu gün də bunun şahidi olduq. Yerimizdə dayanmalı deyilik. Daha ciddi, məsuliyyətli olmalıyıq. Futbolçuların mübarizəsi alqışalayiqdir".

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov isə “Qol.az” saytına müsahibəsində “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”i adlaması (ilk matç - 0:1, cavab oyunu - 5:1) barədə fikirlərini bölüşərkən Ağdam təmsilçisinin TOP komanda adlandırıb:

“Futbol elə bir oyundur ki, heç kim deyə bilməz, mən bu matçı udacağam. Çünki oyun ərzində çox hadisə ola bilər. Məsələni elə Polşada həll etmək olardı. “Qarabağ” da bunu istəyirdi. Amma alınmadı. Təsadüf nəticəsində qol buraxdılar. “Qarabağ”ın qol vəziyyətləri həddindən artıq çox idi. “Qarabağ” öz oyunu ilə TOP komandaya çevrilib. Bu, çox gözəldir. Avropada artıq bu komandanı sayıb-seçirlər. Dünənki oyunda “Qarabağ” 20-ci saniyədə qol buraxanda özüm də heyfisləndim. Amma yenə də çox sakit idim ki, “Qarabağ” indi qolları vuracaq. Əgər erkən qol buraxmasaydılar, ilk hissədə ən azı 4-5 qol vuracaqdılar. Bunu əminliklə deyə bilərəm. Birinci hissədə müdafiədə 1-2 səhv etdilər. Hətta həmin epizodların birində rəqib zərbə vurdu, amma top çox yuxarıya getdi. O futbolçunun ustalıq keyfiyyəti yuxarı olsaydı, qol vura bilərdi. İkinci hissədə isə “Qarabağ” heç bir taktiki səhv etmədi. Futbolçular bir-birlərini sığortaladılar, sıx şəkildə oynadılar. “Lex”ə qol şansı vermədilər, amma özləri 5 qol vurdular. Mən deyərdim ki, hələ 3-4 qol da vura bilərdilər.

İlk matçdan sonra demişdim ki, Kadi Borges bu dəfə zəif oynadı. Amma dünənki matçda gördük ki, “Qarabağ”da lider var, istənilən vaxt oyunu öz üzərinə götürə bilər. Kadi dünən çox gözəl oynadı. Mən ən çox onun 2-ci qolunu qeyd edərdim. Cərimə meydanında müdafiəçinin ayaqları topa yaxın olanda topu ona verməmək, aparmaq, axırda da ayağın içi ilə qol vurmaq çox gözəl idi. Bu, ustalıq səviyyəsini göstərir. Biz öyrəşmişik ki, hansısa əcnəbi futbolçunun - məsələn, Messinin belə hərəkətlərini görək. Amma belə oyunçular Azərbaycanda da var. Gəlin, açıq danışaq. Bu, tərif deyil, reallıqdır. İndiki halda daha da irəliyə getmək lazımdır…”.

Nurlana Əliyeva

AİJA və AİPS-in üzvü