AİJA təmsilçiləri "Sülh və idman" Beynəlxalq Konfransında

  • 31 oktyabr 2022
  • 1372

"Ey idman, sən sülhsən!" - Müasir Olimpiya hərəkatının banisi Baron Pyer de Kuberten idmana vurğunluğunu belə ifadə etmişdi.

Dünyamızda milyonlarla insanın müharibə dəhşətlərindən əziyyət çəkdiyi bir vaxtda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) milli subyekti Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) Azərbaycanda təntənə ilə qeyd edilən 5 mart Bədən Tərbiyəsi və İdman Gününə həsr etdiyi layihənin leytmotivi də elə unudulmaz idman fədaisinin bu məşhur kəlamı olmuşdu.

AİJA-nın “İdman və sülh” devizi altında Bakının “Hədəf” liseyində keçirdiyi ilk tədbir “Azərbaycan uşaqları dünyaya sülh mesajı verir” başlığı ilə elə həmin gün martın 5-də həm AzərTAC, həm də Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının rəsmi saytında yayımlanmışdı.

Bir ay sonra AİJA “İdman və sülh” layihəsinin Bakı Avropa Liseyində davam etdirilməsi barədə ətraflı informasiya eyni kanallarla operativ qaydada dünyaya bəyan edildi. Ölkəmizin və müxtəlif ölkələrin populyar saytları, telekanalları, qəzet və jurnalları da bu olayları tirajladılar.

Pakistan İdman Yazarları Federasiyası - Pakistan Sports Writers Federation (PSWF) Azərbaycandakı həmkarlarının müasir dünyamız üçün zamanında təqdim etdikləri bu layihəsindən ruhlanaraq “ Sülh və idman” Beynəlxalq Konfransına start verdi.

Oktyabrın 30-dan noyabrın 2-dək Pişəvər şəhərində davam edəcək bu tədbirə Azərbaycandan, Rumıniyadan, Malayziyadan, Səudiyyə Ərəbistanından, Nepaldan, Əfqanıstandan, Perudan, Koreyadan və digər ölkələrdən nümayəndələr qatılıb. Ölkəmizi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov və AİJA-nın birinci vitse prezidenti, Avropa İdman Mətbuatı İttifaqı AIPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə təmsil edirlər.

Beynəlxal İdman Mətbuatı Assosiasiyasının (AIPS) prezidenti Canni Merlo, onlarla ölkədən məşhur qələm və söz adamları konfransa özlərinin video təbriklərini göndəriblər.

Tədbirin ilk günü maraqlı görüşlər, təqdimetmələr, çıxışlarla yadda qaldı. Pişəvər hava limanında qonaqları PSWF prezidenti, AİPS Asia-nın baş katibi, AİPS  İcraiyyə Koitəsinin üzvü Amjad Aziz Malik, təşkilatın vitse-prezidenti Nasar İqbal, baş katibi Zahid Farooq Malik salamladılar.

İnter-Continental Pishawar Hoteldə qısa tanışlıqdan sonra  nümayəndələr Pişəvərdə şəhər administrasiyasının və Çin Xalq Respublikasının ölkədəki səfirliyinin dəstəyi ilə yaradılan  Asiya İdman Mətbuatı İttifaqının AIPS ASIA və  PSWF-nin mənzil qərargahının – ofisinin aşılış mərasimində iştirak etdilər. Qərargahın girişində nümayəndələrin fərdi Bannerlərı diqqət çəkirdi. Pakistanlı gənc reportyorların təlim otağında onlara settifikatları AIPS ASIA prezidenti Hee-Don Jung təqdim etdi. Sonra ofislə tanışlıq başladı. Nümayəndələr salonları, kabinetləri gəzdilər, orada yaradıan gözəl iş şəraiti ilə tanış oldular.

“Sülh və İdman” Beynəlxalq konfransının təşkilinə Pakistan dövləti, ölkənin idman rəhbərliyi, müdafiə nazirliyi dəstək olub. Odur ki, nümayəndə heyətini yollarda hərbçilər müşaiyət edirdi.

Pakistan-Əfqanıstan sərhəddindəki sərhəd məntəqəsi ilə tanışlıq tədbirlər planına daxil edilmişdi. Münasib bir nöqtədə uca dağ silsiləsində dəniz səviyyəsindən 1000–4000 metr yüksəklikdəki müxtəlif hərbi postlara buradakı geniş panoramlı müşahidə məntəqəsindən asanlıqla nəzarət etmək mümkündür. Sərhəd məntəqəsinin rəisi nümayəndələrə bu barədə geniş məlumat verdi. Zabitlər evində nahardan sonra açıq havada milli rəqslər nümayiş etdirildi.

Pişəvərin bir əsrdən artıq yaşı olan İslamiyyə Kolleci ilə tanışlıq da maraqlı idi.

Tədbirin birinci günü bir sıra mühüm görüşlər də maraqla qarşılanıb.