AİJA nümayəndələri Qətərdə həmkarları ilə görüşüblər

  • 30 oktyabr 2022
  • 1169

Qətər dövlətinin paytaxtı Doha dünya futbolsevərlərinin səbirsizliklə gözlədikləri Dünya Çempionatı–2022 üçün hazırlıq işlərini başa çatdırır. Çempionatın start fitinin çalınmasına sayılı günlər qaldığı bir vaxtda Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov və qurumun birinci vitse-prezidenti, Avropa İdman Mətbuatı İttifaqı – AİPS Avropa İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə Qətərdədirlər.

Nümayəndə heyəti ölkənin İdman Mətbuatı Komitəsinin üzvü, AİPS Asiyanın vitse-prezidenti Mubarak Mohammad Al Boaninin ilə görüşərək Dünya Çempionatı ilə bağlı bir sıra məsələlər, həmçinin AİJA ilə Qətər İdman Mətbuatı Komitəsi arasında (QİMK) gələcək birgə əməkdaşlığın möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparıb. Tərəflər bu görüş barədə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) bu il oktyabrın 3-dən 6-dək İtaliyanın paytaxtı Romada baş tutan 84-cü Konqresi zamanı razılığa gəlmişdilər.

QİMK rəsmisi söhbət zamanı bildirib ki, ölkəsində Qətərin FIFA DÇ-2022-yə ev sahibliyini qazandığı vaxtdan davamlı hazırlığa başlanılıb. Böyük işlər görülüb və bütün bunlara çox yüksək məbləğ – 200 milyard dollara qədər vəsait sərf olunub. Onun yalnız 6,5 milyard dolları yeni stadionların, komanda bazalarının, azarkeşlər üçün müasir infrastrukturun inşasına sərf olunub.

Eyni zamanda, şəhərdə innovativ idarəetmə sistemi ilə insansız çalışan ən müasir metro və tramvay şəbəkələri, hava limanları, dünyaşöhrətli memarlar tərəfindən hazırlanan fərdi layihələr üzrə dəbdəbəli binalar, parklar, digər qurğular yaradılıb.

AİJA rəhbərləri həmkarlarının köməyi ilə Dohanın yeni yaradılan stadionları, idman sarayları, digər infrastrukturları ilə yaxından tanış olublar.

Çempionatın geniş işıqlandırılmasına cəlb olunan media nümayəndələri üçün müasir mətbuat mərkəzlərinin təşkilinə də xüsusi diqqət yetirilib.

Media nümayəndələrinin akkreditəsində hər zaman və hər yerdə olduğu kimi, AİPS vəsiqələri daşıyan peşəkarlara üstünlük verildiyi bildirilib. Akkreditasiya neçə ay əvvəl nəzərdə tutulan kvotaya uyğun başa çatıb. Buna baxmayaraq AİJA rəhbərləri Azərbaycanın bir sıra tanınmış və gənc jurnalistlərinin çempionatı işıqlandırmalarına hansısa real şəraitin yaradılması imkanlarını da götür-qoy ediblər. Bu barədə söhbətlər davam etdirilir.