Təbrik edirik: Fərid Qayıbovun növbəti uğuru

  • 04 dekabr 2022
  • 1328

Bu gün – 3 dekabr 2022-ci ildə  Portuqaliyanın Albuferia şəhərində 50 Avropa ölkəsinin milli gimnastika federasiyalarının qitə birliyi - Avropa Gimnastikasının (European Gymnastics) başqa sözlə, Avropa Gimnastika İttifaqının (Fransızca Union Européenne de Gymnastique, UEG) 29-cu konqresinə yekun vurulub. Ənənəyə görə hər dörd ildən bir təşkilatın icra orqanlarına seçkilər keçirilir. Pandemiya ilə əlaqədar ötənilki konqres təxirə salındığından bu dəfəki ali forumda növbəti 3 il üçün təşkilatın yeni rəhbərliyi müəyyən edildi. 45 ölkə konqresə öz nümayəndələrini göndərib. 2017-ci ildən quruma 5-ci prezident kimi rəhbərlik edən doktor Fərid Qayıbov yekdil səslə yenidən Avropa Gimnastikasına prezident seçildi.

Fərid Qayıbov konqres nümayəndələri qarşısında çıxışında - "yüksək etimad üçün sağ olun! Bununla fəxr edirəm" - dedi və qitəmizdə gimnastikanın inkişafı üçün mümkün olan hər şeyi edəcəyinə əminliyini bildirdi.

Prezident heyətində texniki komitə rəhbərləri ilə yanaşı İcraiyyə Komitəsində Michel Boutard (Fransa), Tom Thingvold (NOR), Edvard Kolar (SLO), Kineret Tzedef (ISR), Alvaro Sousa (POR), Solveig Jonsdottir (ISL), Paolo Frising (LUX), Marta Pagnini (ITA), Natalja Inno (EST), Ciaran Gallagher (IRL) müzakirələrdə və qərarların verilməsində iştirak edəcəklər.

Avropa Gimnastikasının 8 texniki komitəsinin yeni heyətləri də seçilib. Bədii gimnastika Texniki Komitəsinin tərkibinə Azərbaycandan Yevgeniya Vilyayeva, “Gimnastika hamı üçün” Texniki Komitəsi üzvlüyünə Ruslan Eyvazov, TeamGym Texniki Komitəsinin heyətinə İrina İsrafilbəyova da seçiliblər.

Bu qələbə, xüsusilə, təməli 1982-ci ildə qoyulmuş mötəbər qitə idman təşkilatı Avropa Gimnastikasının 5-ci prezidenti Fərid Qayıbovun  ikinci dəfə bu məsul posta seçilməsi ölkəmiz adına böyük uğur və iftixardır!

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Fazil oğlu Qayıbov 2004-cü ildən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA), həmçinin Beynəlxalq İdman Mətbuatı Assosiasıyasının (AIPS) üzvüdür.

AİJA olaraq Fərid müəllimi növbəti qələbə münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, məsuliyyətli dövlət qulluğunda və gələcək beynəlxalq fəaliyyətində yeni uğur zirvələri arzulayırıq!

 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA)