Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının BƏYANATI

  • 15 aprel 2023
  • 942

B Ə Y A N A T

Məlum olduğu kimi, ötən gün Ermənistan Respublikasının paytaxtı Yerevan şəhərində ağır atletika üzrə növbəti Avropa Çempionatının açılış mərasimi baş tutub. Digər ölkələrin müdaxiləsi fonunda son zamanlar bölgədə yaşanan gərginliklərə baxmayaraq Azərbaycan tərəfi sülhə sadiqliyini, Olimpiya hərəkatını və idman prinsiplərini rəhbər tutaraq bu çempionata qatılmaq qərarı alıb. Lakin açılış mərasimində Azərbaycanın dövlət bayrağına qarşı baş verən barbarlıq aksiyası dövlətimizə, xalqımıza olan nifrətin növbəti təzahürü idi. Bu aksiyanın erməni cəmiyyətində ictimai tanınan, beynəlxalq federasiyalar tərəfindən rəsmi akkreditasiya almış şəxs tərəfindən törədilməsi isə çox təhlükəli və qəbuledilməzdir. Akkreditasiyadan keçmiş rəsmi şəxsin heç bir maneçilik olmadan üzərində yandırıcı maddə və alışqanla sərbəst şəkildə səhnəyə yaxınlaşması, Azərbaycan bayrağına od vurduqdan sonra isə zaldan çıxarması, səhnədəki bayraqdar erməni qızların hadisəni üzlərində sevinc və fəxarət hissi ilə izləməsi bu aktın öncədən düşünülmüş və hazırlanmış bir nifrət aksiyası olduğunu göstərir. Bundan belə qənaətə gəlmək olar ki, orada akkreditasiyadan keçmiş hər bir şəxs üzərində odlu və soyuq silah, yaxud hansısa maddə ilə rahatlıqla yarış zonasına daxil olaraq Azərbaycan idmançıları və nümayəndə heyəti üzvləri üçün real təhlükə yarada bilər.

Belə nifrət aksiyasına qarşı yerli təşkilat komitəsi və beynəlxalq federasiyanın heç bir təhlükəsizlik tədbiri görməməsi, hadisəni törədən şəxsin sərbəst buraxılması və Yerevan şəhərində minlərlə insan tərəfindən alqışlarla qarşılanması Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) olaraq bizi ciddi narahat edir. İdmançı və nümayəndə heyəti üzvlərimizin həyat və sağlamlıqlarının ciddi təhlükə altında olduğunu ifadə edərək, müvafiq milli və beynəlxalq qurumlardan təcili tədbirlər görməsini, günahkarların cəzalandırılmasını, baş verənlərlə bağlı rəsmi açıqlamalarını gözləyirik. Ümid edirik ki, gələcəkdə beynəlxalq yarışların hansısa ölkəyə həvalə edilməsi zamanı bu cür hallar ciddi şəkildə araşdırılaraq nəzərə alınacaq.