Azərbaycanda idman jurnalistikasının banilərindən biri olan Mirpaşa Miriyev 1920-ci il iyunun 24-də Bakıda, İçərişəhərdə anadan olub. Ailədə 6 uşaq olublar - 2 oğlan 4 qız. Mirpaşa onların ən böyüyü olub və özündən balaca bacı və qardaşlarının orta və ali təhsil almalarında böyük köməklik göstərib. Orta təhsilini 132 saylı orta məktəbdə alıb. Sonra sənədlərini Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şöbəsinə verib və qəbul olub. Universitetdə təhsil aldığı illərdə "Azərnəşr”də korrektor kimi çalışıb. Həmin dövrdə həm də "Gənc işçi”qəzeti ilə əməkdaşlıq edib. Məqalələri redaksiya tərəfindən bəyənildiyiinə görə, sonra əmək fəaliyyətini burada davam etdirib.
İkinci Dünya müharibəsi başlayanda Azərbaycanda redaksiyaların çoxu bağlanır. ”Gənc işçi” qəzeti də fəaliyyətini dayandırmalı oldu. Redaksiyanın üç işçisi - redaktor İsrafil Nəzərov, redaktor müavini Böyükağa Həsənov və Mirpaşa Miriyev radio verilişləri komitəsinə, cəbhəyə yollanan işçiləri əvəz etməyə göndərilirlər. 1947-ci ildə Mirpaşa müəllim ”Azərbaycan gəncləri” qəzetinin redaktoru, onunla hələ “Gənc işçi” qəzetindən həmkar olan Böyükağa Həsənovun dəvəti ilə həmin qəzetə redaktor müavini vəzifəsinə keçir. 1950-ci ildə «Azərbaycan bətən tərbiyəçisi» və «Fizkulturnik Azerbaycana» qəzetlərinə redaktor təyin edilib və 37 il fasiləsiz olaraq bu qəzetlərə rəhbərlik edib. Sonradan bu qəzetlərin adları dəyişdirilərək «İdman» və «Sport» olub. 1987-ci ilədək burada çalışan M.Miriyev həmin il təqaüdə çıxıb və «Neftçi» İdman Sağlamlıq Cəmiyyətində sədr müavini kimi ictimai fəaliyyət göstərib.
Mirpaşa Miriyev “Dəmir qala” (Bakı, 1942-ci il), “Bir zavodun idmançıları” (Bakı, 1953-cü il), “Kənd idmançıları” (Bakı, 1954-cü il), “Çempionlar” (Bakı, 1954-cü il) və “Birləşən yollar” (Bakı, 1965-ci il) adlı kitabların müəllifi olub.
Respublikanın əməkdar jurnalisti, mərhum Aqşin Kazımzadənin Mİrpaşa Miriyev haqda xatirələrindən: "Əminəm ki, ikinci belə adam tapılmaz ki, redaksiya kollektivinə belə həssaslıqla yanaşsın və kollektivi belə idarə etsin. Çətin belə adam tapılar ki, əlinə yenicə qələm alan gəncə atalıq qayğısı göstərsin, onun qeydinə qalsın. Bir dfəf görmədim ki, o kiməsə acıqlansın və yaxud hirsini kiminsə üstünə töksün. Ucadan danışmaq, səsini qaldırmaq bu insanın təbiətinə zidd idi. Mən aramızdakı dostluq münasibətlərinə baxmayaraq, onu heç vaxt adı ilə çağırmamışdım. O mənim və bir çoxları üçün Mirpaşa müəllim idi. Çünki o sözün əsl mənasında, müəllim adına layiq idi və həmişə də müəllim olaraq qalacaqdır. Mirpaşa müəllim təkcə mənim üçün yox, Azərbaycan idman jurnalistikası məktəbini keçənlər və keçməkdə olanlar üçün müəllim olaraq qalacaqdır”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov onun haqqında fikrini belə bildirib: "Uzun və mənalı ömür yolu keçmiş Mirpaşa Miriyevin Azərbaycanda idman jurnalistikasının inkişafında müstəsna xidmətləri olub. Müharibə illərində Dövlət Radio Verilişləri Komitəsində siyasi verilişlər şöbəsinə rəhbərlik etmiş Mirpaşa müəllim 1947-ci ildə «Azərbaycan gəncləri» qəzetində redaktor müavini işləyib. 1950-ci ildən 1987-ci ilədək «İdman» qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Məhz onun rəhbərliyi altında nəşr 120 min tirajla çıxıb: Bu qəzet bütün dövrlər üçün nümunəvi idman nəşri sayıla bilər. Tərtibatından tutmuş peşəkarlıq xüsusiyyətlərinədək nəşrdə Mirpaşa Miriyev yaradıcılığının, dəst-xəttinin ruhu duyulub. Həmin ruh indi də yaşadılmaqdadır. Nəşr birbaşa onun adı ilə bağlı idi. O, jurnalistikamızda örnək ola biləcək bir nümunə yaratmışdı".
Müxtəlif diplomlarla, tərifnamələrlə təltif olunan, həmçinin respublikanın əməkdar jurnalisti və prezident təqaüdçüsü adlarını daşıyan Mirpaşa Miriyev 2007-ci il iyunun 12-də, 87 yaşında vəfat edib. Qızı Ulduz Miriyeva atasının ölümündən sonra onun haqqında "Bizim təmkinli əzizimiz” adlı kitab çap etdirib.