AZƏRTAC-da Pakistanın idman jurnalistləri ilə görüş olub

  • 14 sentyabr 2023
  • 987

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) Pakistanın İdman Yazarları Federasiyası ilə əməkdaşlığı çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup pakistanlı idman jurnalisti ilə Azərbaycan Dövlət İnformasiya Agentliyində - AZƏRTAC-da görüş keçirilib.

Görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev agentliyin fəaliyyəti barədə danışıb, Pakistan KİV-ləri ilə sıx əlaqələrin olduğunu vurğulayıb.

Azərbaycanda müasir idman infrastrukturunun yaradıldığı, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etdiyi diqqətə çatdırılıb.

Pakistanlı jurnalistlərə Azərbaycanda idman tədbirlərinin işıqlandırılması təcrübəsi barədə də məlumat verilib.

AİJA-nın prezidenti Eldar İsmayılov pakistanlı idman yazarlarının ölkəmizə səfərinin konkret istiqamətlərindən, onların səfər çərçivəsində keçirdikləri görüşlərdən söz açıb. O, həmçinin rəhbərlik etdiyi qurumun idman sahəsində fəaliyyət göstərən beynəlxalq media təşkilatları ilə əlaqələri haqqında danışıb.

Sonra idman tədbirlərinin işıqlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb, pakistanlı jurnalistlər bu istiqamətdə təcrübələrini bölüşüblər.

Görüşdən sonra qonaqlar AZƏRTAC-ın muzeyi, agentlikdə jurnalistlər üçün yaradılmış şərait ilə tanış olub, iş prosesini izləyiblər.