Qazaxıstan Mini Futbol Federasiyasının nümayəndələri AİJA-nın qonağı olublar

  • 14 dekabr 2024
  • 447

Dekabrın 13-də Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) rəsmiləri ilə Qazaxıstan Mini Futbol Federasiyasının nümayəndələri arasında görüş keçirilib.

Görüşdə Beynəlxalq Mini Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Qazaxıstan Mini Futbol Birliyinin rəhbəri Alibek Majikenov, Mangistau vilayətinin nümayəndəsi, veteran futzalçı Nasuxa Baybakov, AİJA prezidenti Eldar İsmayılov, AIPS Avropanın İcraiyyə Komitəsinin üzvü, AİJA-nın I vitse-prezidenti Nərgiz Mahmudzadə, vitse-prezident Natiq Nəsirov, AİJA-nın güləş komissiyasının sədri, “Olimpsport” jurnalının baş redaktoru Ramin Allahverdi, Beynəlxalq Futvolley Federasiyasının baş katibi Əfqan Həmzəyev və AİJA-nın mətbuat katibi Anar Əhmədov iştirak ediblər. Qonaqları salamlayan AİJA prezidenti Eldar İsmayılov görüşün əhəmiyyətindən danışıb. O qeyd edib ki, AİJA-nın ölkə miqyasındakı fəaliyyəti artıq beynəlxalq aləmdə də diqqət mərkəzindədir. Qurum bu vaxta qədər ölkənin istedadlı idman jurnalistlərini bir araya toplayıb. Eldar İsmayılov Qazaxıstan nümayəndələrini ölkəmizə səfərini yüksək qiymətləndirib.

Veteran futzalçı Nasuxa Baybakov bu səmimi görüşə görə öz təşəkkürünü bildirib. O qeyd edib ki, bu görüş gələcəkdə yeni layihələrin həyata keçirlməsində böyük əhəmiyyət kəsb edib. Qeyd olunub ki, Qazaxıstanlı qonaqların Bakı səfəri onlarda ölkəmiz barədə gözəl təəssüratlar yaradıb.

Görüşdən sonra AİJA prezidenti Eldar İsmayılov veteran futzalçı Nasuxa Baybakova xatirə hədiyyəsi təqdim edib.