AİJA Macarıstan və Azərbaycan idman jurnalistlərini bir araya topladı

  • 08 iyun 2019
  • 2105

Azərbaycan və Macarıstan idman jurnalistləri assosiasiyaları arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki milli təşkilatın üzv olduqları Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) mərkəzi qərargahı uzun illər Budapeştdə yerləşmişdir. 

Üç il əvvəl, 2017-ci ilin martında Macarıstan İdman Jurnalistləri Assosiasiyası ölkə paytaxtında Avropa İdman Mətbuatı İttifaqına üzv ölkələrinin milli idman mediası qirimlarının rəhbərlərinin və dünyaca məşhur idmançılarının iştirakı ilə “AİPS AVROPA MEDİA SAMMİTİ” keçirmiş, həmin sammitdə ölkəmiz iki nümayəndə ilə təmsil olunmuşdu.

İndi isə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda "Bakcell Arena"da keçirilən Azərbaycan - Macarıstan matçına saatlar qalmış "Xarı bülbül" restoranında hər iki ölkənin idman jurnalistlərinin çay süfrəsi arxasında görüşünü təşkil etdi.

Görüşdə Macarıstan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Nemzeti Sport Grour, Puskas.com LTD və Puşkaş Beynəlxalq Futbol Fondunun prezidenti, ölkənin milli olimpiya komitəsinin üzvü, Avropa İdman Mətbuatı İttifaqının vitse prezidenti György Szöllösi, matçı işıqlandırmağa gələn 12 nəfərdən ibarət media qrupu - televiziya və radio şərhçiləri, operatorları, fotomüxbirlər, qəzet və jurnal reportyorları Gábor Baricsa, Tamás Dénes, Péter Horváth, Tamás Kis, Attila Kovács, Gábor Lantos və başqaları, eləcə də Macarıstan dövlətinin ölkəmizdəki səfirliyinin müşaviri cənab Zoltan Timar, AIPS üzvləri - Azərbaycan İdman Jurnalistləri Assosiasının prezidenti, MOK üzvü, əməkdar jurnalist Eldar İsmayılov, “İdman” qəzetinin baş redaktoru, əməkdar jurnalist Qabil Mehdiyev, “Sportsman” jurnalının təsisçisi və baş redaktoru Rəşad Qəmərşahoğlu (Cavadov), “Qızıl top” Beynəlxalq Futbol Mükafatının jüri üzvü, araşdırmaçı journalist Rasim Mövsümzadə, Media.az portalından Vüsal Cəfərov, “Azərisport”-dan Zəki Feyzullayev, “Əlillər” qəzetinin baş redaktoru, parolimpiya qrupunun rəhbər Tahir Xudiyev, “İdman Azərbaycan” telekanalının çəkiliş qrupu – Hüseyn Şöhlət və Cəfər Bağırov iştirak etdilər.

Macarıstanlı qonaqlar görüşün gözəl bir məkanda, yüksək səviyyədə təşkilindən məmnunluqlarını ifadə etdilər.

İlqar İsmayılov
AİJA-nın “Qladiator” İdman Klubunun rəhbəri
AİPS üzvü