Fanat.az saytına müsahibə

  • 03 fevral 2021
  • 3490

https://fanat.az/az/eldar-ismayilov-idman-metbuatin-bir-hissesini-affa-maliyyelesdirir-bir-hissesini-basqa-teskilat/?fbclid=IwAR2VwegFNhs4DRxWiRPgb3qemmkPJCy2SPY9QG2_dKl2Yq--RHwcOsUg7Do

https://fanat.az/az/eldar-ismayilov-idman-jurnlistlerinin-bir-hissesini-affa-maliyyelesdirir-ii-hisse/?fbclid=IwAR2KVwwFyMIFUORt50mL27v8Zq0m-fTh8Sdu3Sdp4VMnyhNFqgsSim_xjaE

"İdman mətbuatının bir hissəsini AFFA maliyyələşdirir..." - Eldar İsmayılov

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 1995-ci ildə Əbülfəz Qarayevin təşəbbüsü ilə İdman və Gənclər Nazirliyi tərəfindən yaradılıb. Ölkə xaricində olanda ona deyiblər ki, idman jurnalistləri təşkilatı bütün ölkələrdə var, siz niyə yaratmırsız? Ondan sonra belə qərara gəlib ki, Azərbaycanda da olsun". 
 
Bu sözlər Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılova məxsusdur.
 
AİJA rəhbəri Fanat.Az saytına geniş müsahibəsində həm qurumun 25 illik fəaliyyəti, həm də idman mətbuatı ilə bağlı fikirlərini bölüşüb.
 
I HİSSƏ
 
"Nizamnamə çox savadsız şəkildə  yazılmışdı"
 
- Bir gün oğlumun təhsil aldığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında prorektor  Dilqəm Quliyevin yanına getmişdim. Ancaq Dilqəm müəllimin nazirliyə (red.- o illərdə Gənclər, İdman və Turizm Nazirliyi adlanırdı) getdiyini dedilər. Mən nazirliyə gələndə iclas başlayan vaxt idi. Məni görən Dilqəm müəllim "elə yaxşı gəlmisən" deyib, iclasa dəvət etdi. Əbülfəz Qarayev və bir çox idman aləmində tanınmış şəxslər də iclasa gəldilər. Həmin vaxtlar mən AzTV-də işləyirdim. İclasda müzakirə mövzusu idman jurnalistləri cəmiyyətinin yaradılması idi. Quruma da "İdman" qəzetinin redaktoru Arif Şəfizadəni sədr seçmək istədilər. Allah rəhmət eləsin, dostum idi, onunla birgə teleradioda işləmişdik. Artıq bir nizamnamə yazılmışdı. Amma baxdım ki, çox savadsız şəkildə yazılıb, hüquqi tərəfləri qeyd olunmayıb. Üstəlik, idman jurnalistləri cəmiyyəti adı yaxşı səslənmirdi. 
 
Hər kəs iclasda çıxış etdi. Arif müəllim isə, çıxışı zamanı dedi ki, "mən o halda sədr olaram ki, Eldar müəllim də sədr müavini olsun. O, olmasa mən işləyə bilmərəm. Eldar hər şeydən bir fikir yaradan, fərasətli biridir". Amma qəbul etmədim, sadəcə, öz təkliflərimi verə biləcəyimi bildirdim. Çıxışım zamanı "dünyanın əksər ölkələrində belə təşkilatlar var, ancaq bunlar assosiasiya adlanır, hətta dünya təşkilatı da Beynəlxaq İdman Mətbuatı Assosiasiyası adlanır, fransız dilindən abreviaturası da AİPS gedir, heç bir yerdə də dəyişmirlər, elə belə deyilir. Təklif edirəm ki, adını qoyaq Azərbaycan İdman Jurnalistləri Assosiasiyası, abreviaturası da əla səslənir - AİJA. Bu qurumun isə sədri yox, prezidenti olar. İdman sahəsində bütün federasiyalarda rəhbər şəxs sədr yox, prezident adlanır. Və gələcəkdə də AİPS-ə üzv olmaq üçün nizamnamə onların yazdığına uyğun tərtib olunmalıdır" dedim.  Fikrimi hər kəs bəyəndi və alqışladılar. Hələ onu da qeyd etdim ki, təsadüfən gəlmişəm, iclasa çağırılmamışam. Əbülfəz müəllim də israr etdi ki, assosiasiyada vəzifə tutum. Hələ Arif müəllim prezident olmağımı təklif etdi, ancaq razı olmadım. Dedim ki, siz ağsaqqalımızsınız, prezident siz olmalısınız, mən də sizə kömək edərəm. Nizamnamə hazırlandıqdan sonra yenidən iclas keçirildi. Orada qızım Nəzrin İsmayılova (red.-hazırda Mahmudzadə) və Rövşən Binnətli də iştirak etdi. Ancaq həmin iclasda Əbülfəz müəllimə dedim ki, nizamnaməni və bütün sənədləri qayda-qanun üzrə hazırladım təhvil verirəm, siz isə kimi istəyirsiniz prezident, vitse-prezident seçin, ancaq mən ola bilmərəm. Dedim naz eləmirəm, özüm də dövlət televiziyasında işləyirəm, vaxtım olmayacaq. Həm də mən bir işi ya etmirəm, ya edəndə də yüksək səviyyədə edirəm. Təşkilatı quracağıq, artıq hamı AİJA-nı tanıdıqdan sonra kənardan kimsə çıxacaq, qurumun başına keçib olacaq hazıra nazir. Bəribaşdan elə öz işçilərinizdən təyin edin, ona da yardım edin, bu təşkilatı işlətsin. Çünki yardım olmasa, sponsor da olmayacaq.
 
Bizdə sponsorlar baxırlar ki, hansısa təşkilata dövlətdən dəstək varsa, ona sponsor olurlar. Ancaq Əbülfəz müəllim və Arif müəllimin təkidi ilə məni vitse-prezident seçdilər. Prezident Arif Şəfizadə, İcraiyyə Komitəsində isə Abbas Əzimov, Yaqub Nuriyev, Süleyman Qaradağlı yer aldı. 
 
 
İclasda belə bir əmr də qərara salındı ki, bütün sənədlərin hazırlanması, Ədliyyə Naziliyindən keçirilməsindən məsul şəxslər Eldar İsmayılov və Nərgiz İsmayılovadır. Ondan sonra sənədlər hazırlandı. Düzdür, Ədliyyə Naziliyində beş dəfə bizi apar-gətir etdilər, hər dəfə nizamnamədə nələrisə sildirdilər. Ancaq yekunda nizamnamənin elə ilkin versiyasını qəbul etdilər. Bir ay keçdi, iki ay keçdi təsdiq gəlmədi. Sonda getdim bir dostumun yanına, onun köməyi ilə Ədliyyə naziri Südabə Həsənova ilə əlaqə yaratdım  və bildirdim ki, aylardır bizi apar-gətir edirlər, bu siyasi bir məsələ deyil ki, idman təşkilatıdır, niyə belə edirlər? Südabə xanım da qeyd etdi ki, kollegiya yığılmır, kvorm olmur deyə yubanır. Bu söhbətdən 3 gün keçməmiş məni çağırdılar ki, gəlin, nizamnamə təsdiqlənib. 1995-ci ilin 6 noyabr tarixi idi. Yağışlı gün idi. Arifə dedim ki, bütün sənədləri hazırlamışam, sən prezidentsən, get, təhvil al. O da gedib bütün sənədləri götürüb gəldi. Mən də möhür və digər lazım olan nələr varsa, hamısını hazırladım. Prezident Arif olsa da, bütün işləri mən edirdim. Azərbaycan Nəşriyyatı binasının 9-cu mərtəbəsində "İdman" qəzetinin redaksiyasının 7-8 otağı vardı. Bir otaq AİJA-ya ayrıldı. Ancaq prezindet o olsa da, otağın icarə pulunu mən verirdim. Hətta otaqdakı mebellərin də pulunu ödədim. Axırda Arif müəllimə dedim ki, prezident sənsən, ancaq xərcləri mən çəkirəm, daha işləmək istəmirəm. O da dedi ki, mən işləyə bilmərəm, gəl sən prezident ol, mən vitse prezident. (gülür)
 
Arif müəllimin sədrliyi ilə iclas keçirildi və mən prezident seçildim. Və beləcə başladım AİJA prezidenti olaraq işləməyə. O qədər ayağımıza dolaşan, bizi istəməyən vardı, amma xeyri olmadı. İlk vaxtlar bizə paxıllıqla yanaşanlar hamısı sonradan özləri gəlib üzv oldular. 
 
Elə fəaliyyətə başlayan kimi də AİPS-ə üzvlük üçün məktub yolladım. Onlar da müvəqqəti üzvlük verdilər, ancaq bildirdilər ki, 1996-ci ildə konqressdə iştirak etməliyik. Lakin həmin il çatdırıb gedə bilmədik. 1997-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinin köməkliyi ilə konqresə getdik və üzvlüyümüz təsdiqləndi. Ondan sonra bizim fəaliyyətimiz daha da inkişaf etdi, bütün konqreslərə dəvət aldıq. Bir müddət sonra nazirlikdən maliyyə yardımı kəsildi, artıq öz hesabımıza konqreslərə yollandıq. 1998-ci ildə İstanbul konqresində Avropa Təşkilatına seçkilər oldu. Mən də namizədlik vermişdim, ancaq seçilməyimə 1 səs çatmadı. Hətta bu barədə Moskvanın "Sovetskiy sport"  qəzetində "Konets xolodnoy voynı" adlı məqalə də dərc olunmuşdu.
 
"Fəaliyyət göstərən saytların 95 faizdən çoxu qeyri-qanuni təşkilatlardır,  həvəskar adamlardır, hamısı klanlaşıblar"
 
- Qurum uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq, idman jurnalistlərinin bir qismi AİJA-nın fəaliyyətindən narazıdır. Bu qurumun idman mətbuatına heç bir xeyri dəymədiyini deyirlər...
- AİJA idman jurnalistlərinin könüllü ictimai təşkilatıdır. Necə ki, yazıçılar, jurnalistlər ittifaqı var, bu da idman jurnalistləri ittifaqıdır. Narazı olanlar AİJA-nın üzvləridir, AİJA-ya üzvlük haqqı verirlər? Ümumiyyətlə, AİJA-ya nə veriblər ki, nə də gözləyirlər?! Bu bir... İkincisi, onlar nə vaxt gözəl bir təkliflə AİJA-ya gəlib "təklifimizi həyata keçirin" dedilər? Üçüncüsü, fəaliyyət göstərən saytların 95 faizdən çoxu qeyri-qanuni təşkilatlardır. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməyən, vergi ödəməyən, keçiblərsə də, işçilərinə qanuni yolla əməkhaqqı ödəməyən saytlardır. Bunlar hamısı həvəskar adamlardır, 5-10 futbol termini əzbərləyib, 5-10 komanda adı bilirlər və başlayıblar idmandan yazmağa. Əsas da mənafelərini güdürlər. Hamısı klanlaşıblar. Bir hissəsini AFFA maliyyələşdirir, bir hissəsini başqa təşkilat maliyyələşdirir deyə, onun mənafeini qoruyurlar. Ortaya ədalətli yazı qoya bilmirlər. Tənqid onun üçün deyil ki, ona görə düşmənçilik edəsən. Konstitusiyamızda da yazılıb ki, tənqidə görə təqib yolverilməzdir. Tənqid onun üçündür ki, işini yaxşı görən də, filan işdə "axsayırsa”, bunu düzəltsin. "Mənim fikrimcə, bu yollardan istifadə et. Bu, mənim subyektiv fikrimdir və sizə bildirirəm" - tənqid budur. Buna görə insanı incitməzlər, gözümçıxdıya salmazlar, əksinə "sağ ol” deyib, işlərini nizama salarlar. Ata-ana da uşağı yanlış bir iş görəndə tənqid edir. Onda uşaq valideyninə düşmən olur?! Xeyr. Tənqiddən nəticə çıxardır. Bax onlar da əsl jurnalist olsaydılar, bunu başa düşərdilər və məmurlara başa salardılar ki, "Ay qardaş, mənim səninlə düşmənçiliyim yoxdur, sadəcə sərf etdiyin vəsaitin nəticəsi yoxdur". Sən bunu qarşındakına çatdıra bilsən və qarşı tərəfdəki də normal düşüncədə biri olsa, tənqidi qəbul edib, həqiqəti dediyi üçün də jurnalistə "çox sağ ol" deyər. 
 
 
"İlkin Xəlilovu ilin idman telejurnalisti seçmişik. Pis jurnalistdir?
Qohumumu seçməmişəm ki..."
 
- Demək istəyirsiniz ki, həm idman təşkilatlarımızda çalışanlar, həm idman mətbuatının nümayəndələri arasında əsl idman adamı, işinə peşəkarlıqla yanaşanlar azlıq təşkil edir? 
- Bəli, nə onlar idman adamı, nə də işinin peşəkarıdır. Özünə idman jurnalisti deyənlərin 90 faizi əsl jurnalist deyil. Mən demirəm, universitetin jurnalistika fakultəsi istedad verir, istedad insanla doğulur... Amma universitet jurnalistikanın qayda-qanununu öyrədir. Mənim kitabxanamda jurnalistikaya aid dünyanın bir çox ölkələrində çap olunmuş kitablar var. O kitabları oxuyanda jurnalistikanın nə olduğunu anlayırsan. 
 
- Ancaq elə jurnalistika məzunları var ki, onların da mövqeləri dırnaqarasıdır...
- Sizə bir hadisə nəql edim. Adını çəkməyəcəm, çünki artıq özü nəticə çıxarıb. Universitetin jurnalistika fakultəsini bitirən "peşəkar" jurnalist çalışdığı qəzetdə "Avropa" otelində keçirdiyimiz tədbirdən yazmışdı. 2 iyul idman jurnalistləri gününə həsr etdiyimiz tədbirdə ilin qaliblərinə billur materialdan tovuzquşu fiqurlu mükafatlar təqdim etmişdik. Həmin "jurnalist" bir səhifəlik yazısında güya bizi tənqid edib "AİJA "quş" payladı" yazmışdı. Diqqətlə oxudum və qırmızı qələmi götürüb yazıda 48 orfoqrafiya səhvi işarələdim. Hələ üslub səhvlərini demirəm. Tamamilə naşı bir yazı idi. Onun özünə zəng etdim və dedim ki, özün də AİJA-nın üzvüsən, səndən bu günə kimi üzvlük haqqı almamışıq, vəsiqəni hazırlayıb vermişik, üzvlük üçün bir qəpik ödəniş tələb olunmayıb. Neynək, bu gün bizim bu quş fiquruna gücümüz çatıb, onu almışıq. Sabah gücümüz çatsa, dəvəquşu alıb verəcəyik. 
 
- Bəlkə mükafatçılar sırasında olmadığı üçün belə addım atıb...
- Özü olmasa da, təltif olunanlar da onun peşə yoldaşlarıdır. Yaxşı yazsa, niyə o da təltif olunmasın. Dedim, bu gün mən sənin yazında 48 səhv tapdım. İstəyirsən mən də bunu götürüm sənin haqqında bir yazı hazırlayım. Mən özüm jurnalistikanı fərqlənmə ilə bitirmişəm, yazılarım dəfələrlə ölkə xaricində dərc olunub. Hələ 20 yaşım vardı, yazılarım Moskvada dərc olunurdu. Belə bir söhbətimiz oldu, o da dedi ki, Eldar müəllim, məni bağışlayın, səhv eləmişəm. Cavab verdim ki, bir halda ki, sən bunu dedin, mən də səni bağışladım. 
 
- AİJA-nın ilin qalibləri üzrə seçimləri müzakirə mövzusudur. İdman mətbuatının nümayəndələri bu sorğudan, namizədlərin kimlər olmasından, seçimdə kimlərin iştirak etdiyindən xəbərsiz olduqlarını deyirlər. Bu məsələyə aydınlıq gətirə bilərsiniz?
- Hansı seçimimizdən narazıdırlar? O vaxt saytlar yox idi, biz rəsmi şəkildə redaksiyalara blank göndərirdik. Məktubda da yazırdım ki, xahiş edirəm, bu nominasiyalar üzrə kimi yaxşı hesab edirsinizsə, blanka qeyd edin. Hamısı götürüb öz adamını yazırdı. Baxırdın ki, heç içərisində çoxluq təşkil edəni yoxdur. İndi isə seçim üçün zəng edirəm təcrübəli jurnalistlərə və nominasiyalar üzrə namizədlərini soruşuram. Sonra onların fikrini ümumiləşdirib seçim edirik. Bu bizim hüququmuzdur. Məsələn, İlkin Xəlilovu ilin idman telejurnalisti seçmişik. Pis jurnalistdir? Gözəl reportajlar edir, cəsarətli, ədalətli biridir, biz də onu seçmişik. Desinlər düzgün seçim etməyiblər. Qohumumu seçməmişəm ki...
 
Özü də bu günə kimi bizim nominantları ancaq AzərTac elan etdikdən sonra biliblər. Heç kim əvvəlcədən bilməyib. Kimsə deyə bilməz ki, əvvəlcədən mənimlə razılaşıblar. Mümkün deyil bu... 
 
Ardı var...
 
Röya Kərimli
 
 

Eldar İsmayılov: "AİJF-də seperatçı mövqe tutublar" - II hissə

"Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 1995-ci ildə Əbülfəz Qarayevin təşəbbüsü ilə İdman və Gənclər Nazirliyi tərəfindən yaradılıb. Ölkə xaricində olanda ona deyiblər ki, idman jurnalistləri təşkilatı bütün ölkələrdə var, siz niyə yaratmırsız? Ondan sonra belə qərara gəlib ki, Azərbaycanda da olsun". 
 
Bu sözlər Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılova məxsusdur.
 
AİJA rəhbəri Fanat.Az saytına geniş müsahibəsində həm qurumun 25 illik fəaliyyəti, həm də idman mətbuatı ilə bağlı fikirlərini bölüşüb.
 
(I hissə bu linkdə)
 
"Qabil Mehdiyevi AİJA-dan biz çıxartmışıq"
 
- Keçən ilin fevral ayında Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) fəaliyyətə başladı. AİJA-nın vitse-prezidenti Natiq Nəsirovun ölkə mətbuatına müsahibəsində bəzi məqamlar diqqətimi çəkmişdi.  O, Gənclər, İdman və Turizm nazirinin öz təşəbbüsü ilə yaradılan və 25 ildir fəaliyyət göstərən bir qurum olduğu halda ikinci qurumun yaradılmasını birmənalı qarşılamayıb. Bunun idman mətbuatını ikiyə parçalamaq olduğunu qeyd edib. Və AİJF-nın Gənclər və İdman naziri Azad Rəhimovun bir iradı nəticəsində 1 həftəyə yarandığını vurğulayıb. 
 
Eldar müəllim, Natiq Nəsirov bu sözləri ilə nəyə işarə edib, Azad Rəhimovun iradının səbəbi nədir? Ümid edirəm ki, bu məsələnin təfərrüatını bizimlə bölüşərsiniz... Bildiyim qədərilə AİJF-nın rəhbəri Qabil Mehdiyev AİJA-nın üzvü olub. Hazırda üzvlüyü davam edirmi?
- Qabil müəllim özü ərizə verməyib, amma biz onu çıxartmışıq. AİJA üzvlərinin imzaladığı anketdə qeyd olunub ki, "Mən AİJA-nın nizamnaməsini, qayda-qanunlarını qəbul edirəm  və assosiasiyanın işində fəal iştirak edib, AİJA-nın imicini yüksəltmək üçün əlimdən gələni edəcəm", bundan əlavə o bənd də var ki, assosiativ üzvlər , yəni köməkçilər üzvlük haqqını vaxtında ödəmədikdə, avtomatik olaraq iclaslarda həlledici səsə malik deyillər. Bu qanunda belədir. Bunu bilib imzalayıb. Amma götürək elə Qabili, heç vaxt AİJA-ya üzvlük haqqı ödəməyb. Tək bircə dəfə 50 avro verdi, o da AİPS-in üzvlüyü üçün. Çünki AİJA-ya üzvlük haqqını ödəmədən AİPS-ə üzv ola bilmərsən. Onu qeyd edim ki, AİPS-in portalında qeydiyyatdan keçmək istədikdə, orada sətr çıxır ki, milli assosiasiyaya müraciət edin. 
 
Mən Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanı əvəz edəndə gördüm ki, Qabil Mehdiyev bizim mənafeimizə uyğun münasibət göstərir. Ona görə mən özüm onu AİPS-ə qəbul elətdirdim. Üzvlük haqqını da o yox, özümüz verdik. Orada üzvlük müddəti iki ildir. İki ildən sonra AİJA-nın yox, sadəcə AİPS-in üzvlük haqqını verdi, yenə də iki il davam etdi. Bu iki il də başa çatdıqdan sonra, Qabil müəllim gəldi ki, bəs buyur bu 50 avronu və AİPS-ə üzvlüyümü uzadım. AİJF yaranmamışdan 3-4 ay əvvəl olub bu söhbət. Dedim "Qabil, heç vaxt AİJA-ya üzvlük haqqı verməmisən, özün də AİJA-nın İcraiyyə Komitəsinin üzvüsən, heç olmasa bunu bütöv ödə də". Bu sözlərimdən incidi. Bir dəfə də gəldi ki, "özüm danışmışam, məni təsdiq edəcəklər. 1 illiyə Avropa Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilir, mənim namizədliyimi ver". Təşkilatda bir nəfər rəhmətə getmişdi deyə, müvəqqəti olaraq 1 illiyə kimisə seçmək lazım idi. Qabilə dedim ki, bunu etməyəcəm. Çünki AİJA-nın işində sənin bir fəallığın yoxdur. Hansı fəal addımlarına görə sənin namizədliyini verim? Yaxşı işlər təşkil etmirsən, təşəbbüslər göstərmirsən, sənin özünü rəhbərlik etdiyin "İdman" qəzetində AİJA haqqında bir dəfə yaxşı söz yazılmayıb, bir-iki dəfə məcburiyyətdən nələrisə vermisən. Ona görə də etmirəm. Qabil də acığa düşdü, gedib Səmayə xanımla birləşib Azad müəllimə AİJA haqqında yalan-yalnış məlumat verdilər. Güya AİJA işləmir, jurnalistlər onları dəstəkləmir, yeni qurum yaratmaq lazımdır. Halbuki ondan bir neçə ay əvvəl Macarıstan və Azərbaycan jurnalistlərini "Xarı bülbül" restoranına topladım, televiziyadan da, Macarıstan səfirliyindən də nümayəndələr gəldi və orada gözəl bir görüş keçirtdik. Bütün xərcləri də özüm qarşıladım. Qabil də orada iştirak etmişdi. AZTV kanalı tədbiri çəkib yayımlamışdı. Bəs bu, tədbir deyil? Bunu nazirlikdə görmürlər? Ondan əvvəl də maraqlı tədbirlərimiz olub. 2019-cu ildə mən səhhətimdə ciddi problem olmasına baxmayaraq, o vəziyyətdə tədbir təşkil etdim. Mənə elə gəlir ki, Azad müəllimə gedib haqqımda və ya adımdan yalan-yalnış sözlər deyiblər. Bəzi insanlar belə şeyə inanırlar. Hətta AİPS-in prezidenti Gianni Merloya da mənim əleyhimə nələrsə deyib, onu da inandırıblar. Halbuki AİPS-in burada konqressi keçiriləndə Merlonu irəli verdik, yəqinki pulsuz eləmədi, böyük büdcədən öz payını götürdü. Ancaq biraz onlarla yaxınlaşan kimi, gördüm ki, bizim əleyhimizə işlər görülür. Bundan sonra Azad müəllim də çıxışı zamanı dedi ki, "AİJA-nın işindən narazıyam, onun fəaliyyəti görünmür, yeni bir federasiya yaradılmalıdır. Qabil Mehdiyevə də tapşırmışam ki, belə bir federasiya yaratsın". Mən daha nə etməliyəm ki, Azad müəllim bunu görsün? Hiss olunur ki, sadəcə eşitdiklərinə inanıb. Ancaq mətbuatda, dövlət televiziyasında, dövlət qəzetlərində gedənləri də görmək lazımdır axı. Bundan artıq nə etməliyəm? Çıxıb reklam edim? Hər nəisə, köməkləşdilər yaratdılar, bizim adımızı da oğurlayıb fəaliyyətə başladılar. Bax belə yaratdılar AİJF-nı. Bu gün də bizim acığımıza, əleyhimizə orada-burada danışırlar. Özünüz də görürsüz ki, bəzi mətbu orqanlarda onların necə işlədiklərini yazırlar. Gedib "yıxılıblar" AFFA-ya, tərəf tuturlar, pul alırlar, maliyyələşirlər. 8 mart günü qadın idman jurnalistlərini topladılar, onlara verilən mükafat güya öz maaşlarından verilib?! Heç bizə üzvlük haqqı verməyə pul yox idi. Natiq Nəsirovun müsahibəsini oxumuşam. O, nə lazımdırsa, mənəvi tərəfini də, hüquqi tərəfini də dəqiqliyi ilə qeyd edib. 
 
 
"Qabildir də, öz uşağımızdır…"
 
- Mənəvi tərəf demişkən, hər halda Qabil bəydən inciksiniz... Bəs bu qədər şeylər yaşandıqdan sonra onunla söhbətiniz olubmu? 
- Mən inciməmişəm. Qabildir də, öz uşağımızdır. Mənim balaca oğlum yaşındadır. Ərköyünlük edir. Adam öz yaxınına ərköyünlük edər. Amma məsələni gedib bu səviyyəyə çıxarmaq olmaz axı. Özü də mənim ad günümdə etdilər. Federasiyanı ad günümə hədiyyə etdilər. 
 
Baxmayaraq ki, AİJA-nı rəhmətlik Arif müəllim və qızım Nərgiz ilə mən təsis etmişəm, bu, ictimai təşkilatdır, üzvlərin hamısına məxsusdur. Əgər sabah AİJA-nın hansısa üzvü gözəl bir iş görürsə, bu, bizim adımızadır. Çingiz Hüseynzadə, Çingiz İsmayılov AİJA-nın üzvüdür. Onların gördüyü işlər həm də AİJA-nın işidir. Ağacan Əbiyev AİJA-nın fərxri üzvüdür. Getdi AİJF-nın hansısa iclasında da iştirak etdi. "Xalq" qəzetinin baş redaktoru Həsən Həsənov AİJA-nın üzvüdür. Tanınmış adlardan AİJA-nın üzvləri çoxdur. Rəhmətlik Aqşin Kazımzadə üzvümüz idi. Onun 80 illik xatirə gecəsini də keçirdik. Azərbaycanın tanınmış və çox hörmətli TV işçisi Valid Sənani üzvümüz idi. Rövşən Binnətli hazırda AİJA-nın baş katibidir. Əvvəldən bizimlə idi, təsis yığıncağında da iştirak edib. Vaqif Bəhmənlidən sonra baş katib Rövşən Binnətli oldu. 
 
- AİJF İdarə Heyətində yer alan jurnalistlərlə geridə qalan illərdə heç müzakirələriniz olubmu? Niyə AİJA-ya üzv olmayıblar? Sizə hansısa təkliflə gəliblərmi? 
- Xeyr. Hətta baxmayaraq ki, Mahir Rüstəmli AİJF-nın idarə heyətinin üzvüdür və bizim əleyhimizə yazıları çox gedib, mənim ona qarşı heç bir kinim yoxdur. Çünki Mahir Rüstəmlinin Azərbaycanın idman mətbuatında adı var. "Futbol+" qəzeti yaxşı qəzetdir. 2020-ci ilin nominasiyalarında da ən yaxşı idman qəzeti seçdik. Baxmayaraq ki, maddi sıxıntıları var, hardasa axsayır, biz onları seçdik ki, ruhlansınlar. Amma inanın ki, biz nominasiyalar üzrə qalibləri təltif edəndə onların ünvanlarına da məktub göndərdim, ancaq gəlib iştirak etmədilər. Biz səni üstün bilmişik, seçmişik, amma... Buna baxmayaraq, mən Mahirdən incimirəm. 
 
Elə vaxt olub ki, biz Vüqar Zeynallını ilin ən yaxşı jurnalisti seçmişik, "Avropa" otelində keçirilən tədbirimizdə təltif etmişik. Onun rus dilində fəaliyyət göstərən saytı yaxşı saytdır. Bizim bu adama heç bir pisliyimiz keçməyib. Amma niyə bizə qarşıdır, bilmirəm. 
 
"Ay Mahir Rüstəmli, bəs deyirsən bizi hər yerdə tanıyırlar?"
 
- Tənqidlərdə konkret olaraq nə deyilir?
- Bir dəfə Mahir Rüstəmli yazmışdı ki, AİJA primitiv təşkilatdır. Niyə primitiv? Şaha yarıyırıq, şahquluya yox? AİPS, AvropaTəşkilatı kimi qurumlar bizi bəyənir, onlar yox. Hə, yazıb ki, AİJA-nı heç kim tanımır, amma bizim qəzeti bütün dünyada tanıyırlar. 2008-ci ildə Çində Dünya Təşkilatının konqresi keçirildi. Orada dünyada tanınan, çox yaxşı idman jurnalistləri vardı. Onlarla müsahibə zamanı sual verdim ki, bəs Azərbaycanda "Futbol+" adlı qəzet çıxır və Mahir Rüstəmli adlı baş redaktoru var, idman yazarıdır. Onu tanıyırsınız? Hamısı da dedi ki, tanımırıq. Ay Mahir, bəs deyirsən bizi hər yerdə tanıyırlar, AİJA-nı tanımırlar? Amma Azərbaycan İdman Jurnalistləri Asossasiyası, prezidenti Eldar İsmayılovu o dəqiqə tanıdılar.  Özü də qeyd etdilər ki, AİPS sistemində ən yaxşı assosiasiyalar sırasındadır. İndi də desin. 
 
Mən ona kin saxlamıram. 2017-ci ildə biz ilin idmançılar və idman mediasının yaradıcı adamlarını təltif etdik. Televiziyadan da gəlmişdilər. Mahir Rüstəmli də gəlmişdi. Orada assosiasiyanın üzvlük blanklarını qoymuşdüm ki, kim istəsə yazıb üzv olsun. 4-5 nəfər blankı doldurdu, mən də onlara AİJA kartı təqdim elədim. Mahir Rüstəmliyə də mən üzvlük kartı təqdim etdim və blank da verdim ki, doldursun. Mahir dedi ki, sonra doldurub göndərəcəm, ancaq etmədi. Mən təklif etmişəm. Ay qardaş, ideyalarını gəl burada de, sən də kömək elə, nə arzuların var de, həyata keçirək. Biz sənə dost əlimizi uzadırıq. Qəbul etmədi. Mən ona rəsmi vəsiqə də təqdim etdim, ancaq anket doldurub vermədi.
 
- Bəs "Sportmen" jurnalı ilə əməkdaşlığınız davam edirmi? 
- Bizim saytımız və sosyal şəbəkədə səhifələrimiz var. Biz AİJA-nın fəaliyyəti haqqında vaxtaşırı olaraq həm öz saytımızda, həm də TV və yazılı mətbuata materiallar veririk. Bizim işimiz haqqında maraqlanıb, özü gəlib təklif verən jurnalistlər də olub. Rəşad Qəmərşahoğlu AİJA-nın əvvəldən həm dostu, həm də üzvüdür. Rəşad AİJA-nın da dəstəyi ilə yaxşı idman tədbirləri təşkil edirdi. Onu AİJA-nın vitse-prezidenti seçmişdik. O, ideya təklif edirdi, biz də dəstəkləyirdik, keçirirdi. "Zəfər" mükafatını AİJA ilə bir yerdə edirdi. AİJA, İdman və Gənclər Nazirliyi və "Sportsmen" jurnalı bir yerdə hər il ilin yekunları və "Zəfər" beynəlxalq mükafatı tərtib edirdik. Əvvəlcə milli mükafat idi, sonra beynəlxalq etdik. Çünki hər dəfə xaricdən bir nəfərə də biz diplom veririk. "Sportsmen" jurnalında nömrələrin əksəriyyətində üz qabağında AİJA reklam olunurdu, içəridə də gördüyümüz tədbirlər haqqında yazılarımız gedirdi.  Açıq deyəcəm, bu federasiya yaranandan sonra hörmətli AİJF-nin rəhbəri Rəşadı çağırıb deyib ki, "Azad müəllim deyir ki, bu "Zəfər" mükafatını ya AİJA ilə işləsinlər, ya da bizimlə. Üçünüz bir yerdə olmaz, AİJA-nı ordan çıxartmaq lazımdır. Ya da istəyirsə, gedib onlarla işləsin". İdman nazirliyi də o "Zəfər" mükafatına 2-3 min manat dəstək verirdi. Rəşad dərhal mənə dedi ki, Eldar müəllim, gedin,  Azad müəllimlə danışın, mənə belə deyiblər. Görün, bu fikir onundur, ya onun deyil. Sonra bizə söz deməsinlər". Düzü, getmədim. Nə lazımdırsa, AİJF danışıb də... Amma Azad müəllimə bir məktub göndərdim ki, xahiş edirəm, məni qəbul edəsiniz və bu məsələni bir yerdə müzakirə edək. Mənim məktubuma cavab gəlmədi. Bu, qanunsuzluqdur. Vətəndaşların müraciətlərinə baxılması haqqında Azərbaycan Respublikasının qanunu var. Məktuba 15 gün müddətinə cavab verilməlidir. Əgər bunun araşdırılması lazımdırsa, bir ay müddətinə cavab gəlir. Cavab verilməsə, hərəkətsizlik barədə məhkəməyə müraciət edə bilərsən ki, məktubuma cavab verilməyib. Bəlkə də o məktub heç gedib Azad müəllimin əlinə çatmayıb. Yəni, bu səbəbə görə, Rəşad Qəmərşahoğlu da açıqca bizə üz çevirdi ki, nazirliklə münasibəti korlaya bilmərəm. Bax belə…
 
 
"AİJF-də  seperatçı mövqe tutublar. Ətraflarına özləri kimi adamları yığıb, ordan-burdan müəyyən vəsait əldə etmək üçün hansısa yollarla ünsiyyət yaradırlar"
 
- Eldar müəllim, bu gedişatı necə dəyərləndirirsiniz? AİJF-nın fəaliyyəti ilə bağlı nə düşünürsünüz?
- Mən ümumiyyətlə, AİJF-ni tanımıram. Tanımaq da istəmirik. Vəssalam. Nə onun uğurları, nə də uğursuzluqları bizi maraqlandırır. Mən bilirəm ki, onlar seperatçı mövqe tutublar. Onlar Azərbaycanın idman mətbuatını ikiyə parçalayırlar. Ətraflarına özləri kimi adamları yığıb, ordan-burdan müəyyən vəsait əldə etmək üçün hansısa yollarla ünsiyyət yaradırlar. Mənə böyük müəllimlərim, jurnalistikadan dərs deyən insanlar, Nəsir İmanquliyev, Qulu Xəlilov, professorlar Famil Mehdi, Nurəddin Babayev öyrədiblər ki, jurnalist gərək tərəf tutmasın. Jurnalistikanı aparıb kimdənsə asılı etmək olmaz. Mən dövlətimi, təşkilatlarını, nazirliklərini, AFFA-sını da sevirəm. Amma bu o demək deyil ki, mən gedib onların yalanlarını tərifləməliyəm və yaxud da tənqid etməməliyəm. Biz tənqid edəndə də, dostcasına edirik.
 
Bizim Azərbaycanda idman jurnalistləri təşkilatı ola-ola, özü də 25 illik oturuşmuş, dünyada tanınan bir təşkilat ola-ola, belə bir təşkilat yaratdılar. Bəlkə də, o qədər deyiblər ki, nazir də bezib canını qurtarmaq üçün razılıq verib. Fikir verin, bu təşkilat yaranandan bəri hərdən-birdən çıxışlarında, sözlərində, yazışmalarında, feysbuk səhifələrində bizə söz atırlar. Lazım olanda cavabını mədəni şəkildə vermişik və o dəqiqə heç kim bilməsin deyə rəyi siliblər. Mən özüm kifayət qədər təcrübəli bir jurnalist olmağıma baxmayaraq, onların əleyhinə heç vaxt heç yerdə yazmamışam və deməmişəm. Ancaq bu gün siz gəlib məndən həqiqətləri soruşursuzsa, mən deməyə bilmərəm. Ancaq icazə verirəm ki, bəzən hissə qapılıb dediyim kəskin sözləri biraz yumşaldasınız. Onlar da insandılar, inciməsinlər. Yoxsa kimsədən çəkinmirəm.  AİJA-nın hansı günahı var ki, kimdənsə çəkinsin? 
 
1996-cı ildən - "Azercell” Azərbaycanda yaranan gündən indiyə kimi eyni nömrəni işlədirəm. Bu nömrə mənim feysbuk səhifəmdə də, AİJA-nın saytında da, AİJA-nın verdiyi bütün üzvlük kartlarının üstündə də var. Bu telefon nömrəsi AİJA-ya məxsusdur, onun prezidenti işlədir. Mən bu günə kimi başqa telefon nömrəsi dəyişməmişəm. Çünki hamının gözünün içinə dik baxa bilirəm, heç kimin qarşısında məni gözükölgəli edəcək bir işim yoxdur. Dövlətimi, vətənimi, xalqımı, millətimi sevirəm. Mən I Qarabağ müharibəsi qazisiyəm. Ama bunu heç vaxt heç yerdə deyib sinəmə döyməmişəm. Mən Azərbaycanın çörəyini yeyirəmsə, havasını uduramsa, gedib döyüşməli idim. Mən zəngin adam deyiləm, biznesmen deyiləm, amma həyatım boyunca imkanım daxilində insanlara maddi-mənəvi kömək etməyə çalışmışam, çoxlarının qolundan tutub qaldırmışam. Ancaq imkan verməmişəm ki, bu haqda bir mətbu orqanında yazılsın. Bəlkə də hardasa eşidib yazıblar, amma bilavasitə bunu özüm heç vaxt təbliğ etməmişəm. Sağ əlin verdiyini sol əl bilməməlidir. Mən nömrəmi niyə dəyişmirəm? Çünki ömür boyu heç kimdən rüşvət almamışam. Halbuki sovet vaxtı zona üzrə xüsusi müxbir çox böyük vəzifə idi. İndiki Prezident Administrasiyası o vaxtı Mərkəzi Komitə adlanırdı. Mərkəzi Komitədən icazəsiz heç kimi xüsusi müxbir təyin eləmək olmazdı. Azərbaycan Respublikası üzrə bir nömrəli qəzet olan "Kommunist" qəzetinin, Mərkəzi Komitənin rus dilində dərc olunan "Bakinskiy Raboçiy" qəzetinin və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xüsusi müxbir postları var idi. Onun 11-i yerləşirdi Azərbaycan regionlarında, biri də Moskvada. Mən Dağlıq Qarabağ və ətraf rayonları üzrə 14 il xüsusi müxbir olmuşam. Əvvəl 11 rayona baxırdım, sonra 15 rayona baxmışam. Açıq deyirəm, o vaxtı mənimlə paralel işləyən xüsusi müxbirlərin böyük əksəriyyəti ordan-burdan pul da alırdılar, müəyyən işlər üçün təhrik də edirdilər . Amma mən bir dəfə də olsun heç vaxt heç kimdən nə rüşvət tələb etməmişəm, nə də işarə vurmamışam ki, bunu etmək lazımdır. Nəsə veriblərsə, elə orda da qalıb. Demişəm bu xasiyyət məndə yoxdur, dövlət mənim maaşımı da verir, qonorarımı da alıram. Bu, mənim vəzifəmdir, işimdir. Ona görə də mənim telefon nömrəm bu gün də eynidir. Çünki vicdanım rahatdır. Mən hamının gözünün içinə dik baxıram. Mən nə hərəkətimi, nə yerişimi, nə duruşumu, nə xasiyyətimi, nə dostlarımı, nə də telefon nömrəmi dəyişən adam deyiləm. 
 
Röya Kərimli