AİJA DÜNYA MEDİASINDA AIPS SPORT MEDIA WORLD jurnalı bizdən yazır

  • 18 avqust 2021
  • 3402

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının AIPS SPORT MEDIA WORLD (AİPS DÜNYA İDMAN MEDİASI) jurnalının son II/2021 nömrəsində bu il Bakıda keçirilən və idman tariximizin ən möhtəşəm hadisəsi kimi yadda qalan futbol üzrə Avropa Çempionatı ərəfəsində idman jurnalistlərimizin peşəkar və dil vərdişlərini inkişaf etdirməsi üçün “Müasir jurnalistikada tendensiyalar” təlimi və ingilis dili kursumuz və bu təlim marafonunun yekun tədbiri barədə məqalə dərc edilib.

AİJA-nın birinci vitse prezidenti Nərgiz Mahmudzadənin müəllifi olduğu bu yazıda UEFA-nın media tərəfdaşı olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi - Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) iyunda başladığı və Bakının da ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatı ərəfəsində jurnalist olmaq istəyən gənclər, jurnalistika fakültələrinin tələbələri, yaşından asılı olmayaraq biliklərini yeniləmək və artırmaq istəyən bütün KİV nümayəndələri üçün “Müasir jurnalistikada tendensiyalar” mövsusunda ödənişsiz onlayn media təlimi barədə müsbət fikirlər yer alıb.

Bir daha qeyd edək ki, onlayn məşğələlər jurnalistikamızın tanınmış bilicilərindən biri, media-ekspert, filiologiya üzrə fəlsəfə doktoru, virtuoz pedaqoq Aynur Kərimovanın rəhbərliyi ilə keçirilmişdir.

Digər bir layihəmiz isə ingilis dili bilməyən idman jurnalistlərimizin Avropa Çempionatına qədər ingiliscə elementar səviyyədə danışması və anlaması məqsədilə gerçəkləşmişdir. 

Bu kursu  RS Academy-nin rəhbəri, lisenziyalı İELTS instruktoru Ramin Sayadov keçmişdir.