Pakistanda "Sülh və İdman" Belnəlxalq Konfransı davam edir

  • 31 oktyabr 2022
  • 1554

Xəbər verdiyimiz kimi, Pakistan İdman Yazarları Federasiyası - Pakistan Sportswriters Federation (PSWF) Azərbaycandakı həmkarlarının müasir dünyamız üçün zamanında təqdim etdikləri layihəsindən ruhlanaraq “Sülh və idman” Beynəlxalq Konfransı keçirirlər.

Oktyabrın 30-dan noyabrın 2-dək Pişəvər şəhərində davam edəcək bu tədbirə Azərbaycandan, Rumıniyadan, Malayziyadan, Səudiyyə Ərəbistanından, Nepaldan, Əfqanıstandan, Koreyadan və digər ölkələrdən nümayəndələr qatılıb. Ölkəmizi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov və AİJA-nın birinci vitse prezidenti, Avropa İdman Mətbuatı İttifaqı AIPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə təmsil edirlər.

Tədbirin 2-ci günü Pearl-Continental Peshawar Hotelin konfrans salonunda davam etdi. Əvvəlcə qurani kərimdən misralar səsləndi. Salona toplananlar Pakistanın dövlət himnini ayaq üstə dinlədilər.

Tədbiri giriş sözü ilə Pakistan İdman Yazarları Federasiyasının baş katibi Zahid Farooq Malik açaraq qonaqları salamladı .

Sonra  təşkilatın prezidenti, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası İcraiyyə Komitəsinin üzvü, AIPS ASIA-nın baş katibi Amjad Aziz Malik iştirakçı ölkələrin adlarını açıqladı və nümayəndələri təqdim etdi. Bizə gəlincə, “dost və qardaş Azərbaycan” sözlərini xüsusi vurğuladı.

AIPS prezidenti Canni Merlonun videotəbriki nümayiş etdirili, ölkənin və əyalətin idman və olimpiya qurumlarının rəhbərləri və təmsilçiləri, həmçinin nümayəndələr çıxış edərək ürək sözlərini söylədilər və hazırkı qarışıq dünyamızda “Sülh və idman” Beynəlxalq Konfransının dünya ölkələrinə, sözün əsl mənasında xoş bir mesaj kimi səsləndiyini dilə gətirdilər.

Nərgiz Mahmudzadə beş qadının qatıldığı idmanda və mediada gender bərabərliyi mövzusundakı panel müzakirələrdə aktiv debatın yaddaqalan müəllifi kimi konfrans iştirakçıları tərəfindən alqışlandı.

Nümayəndələrə və təşkilatçılara xatirə hədiyyələri təqdim edildi.

Pişəvərdə “Sülh və idman” Beynəlxalq konfransı uğurla davam edir.