Pakistanlı idman yazarları "Report" İnformasiya Agentliyində olublar

  • 12 sentyabr 2023
  • 394

Xəbər verdiyimiz kimi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) və Pakistan İdman Yazarları Federasiyası (PSWF) arasında imzalanan əməkdaşlıq haqqında Memoranduma əsasən, 7-si gənc olmaqla 9 nəfər Pakistanın müxtəlif media orqanlarında fəaliyyət göstərən idman jurnalisti bu il sentyabrın 9-dan Bakıda təcrübə mübadiləsi səfərindədirlər. Səfər iştirakçıları bugün ölkənin ən nüfuzlu media qurumlarından olan "Report" İnformasiya Agentliyində olublar.

Qonaqları qarşılayan agentliyin baş redaktoru Murad Əliyev onları müxtəlif şöbələrin işi ilə tanış edib. Daha sonra isə dəyirmi masa ətrafında maraqlı söhbət baş tutub.

"Report"un direktoru Fuad Hüseynəliyev pakistanlı jurnalistlərə agentliyin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bununla yanaşı, onları maraqlandıran sualları cavablandırıb.

Nümayəndə heyətində Pakistan İdman Yazarları Federasiyası, Daily Jang Newspaper, İqra National Universitetinin Media Təhsili şöbəsi, Kasoti Digital, News Network Internatıonal, Daily Aeen Newspaper, Difa News, MKTV və Samaa TV-nin əməkdaşları yer alıblar.

Qeyd edək ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilə Pakistan İdman Jurnalistləri Federasiyası (PSWF) arasında əldə edilən razılığa əsasən, bu ölkənin qabaqcıl media qurumlarından olan bir qrup jurnalist Bakıda səfərdədir.